Azərbaycan ədəbiyyatı tarixində görkəmli yer tutan sənətkarlardan biri də Qasım bəy Zakirdir. O, Azərbaycan ədəbiyyatında tənqidi realizmin təməl daşını qoyanlardan biri, həm də ədəbiyyat tariximizdə görkəmli satirik kimi məşhurdur. Zakir XIX əsrin birinci yarısında yaranmağa və qol-budaq atmağa başlayan realist-demokratik ədəbiyyatın ilk görkəmli nümayəndəsi və onun yaradıcılarından biri hesab olunur.
        Qasım bəy Zakir həm incə ruhlu lirik bir şair, həm də yaşadığı cəmiyyətin eybəcər cəhətlərini ifşa edən bir satirikdir. Azərbaycan ədəbiyyatında yeni tipli satiranın, öldürücü və ifşaedici gülüşün formalaşması onun adı ilə bağlıdır. Böyük şair şəffaf bir güzgü kimi öz dövrünün ictimai eybəcərliklərini, zülm və ədalətsizliklərini göstərərək kəskin tənqid atəşinə tutmuş, xalqı istismar edən, onu cəhalət və nadanlıq zülmətində saxlayan dövlət və din xadimlərinin həqiqi sırasını açmışdır.
        Zakir satirasının əsas tənqid hədəfı çarizmin müstəmləkəçilik siyasətinə xidmət edən qayda və qanunlar, hakimlərin özbaşınalığı və rüşvətxorluğu, idarə və məhkəmələrdəki süründürmələr və ədalətsizliklərdir. Şair öz satiralarında göstərir ki, ölkədə oğurluq, quldurluq baş alıb gedir, talançılıq və vergilər əhalini incidir, qayda-qanun yaratmalı olan vali və onun məmurları isə yalnız öz mənafelərini güdür, yaramaz işlərlə məşğul olurlar. Cinayət və oğurluqların bir səbəbini də Zakir dövlət idarələrində və məhkəmələrdə baş alıb gedən rüşvətxorluqda və süründürməçilikdə görür. Şair divan və məhkəmələrin ancaq dövlətlilərə xidmət etdiyini, xalqı əzməkdə bir vasitə olduğunu açıb göstərir, süründürməçiliklə məşğul olan, «beşşahılıq iş üçün on manat alan» insafsız məmurlan kəskin tənqid edir:

 
Ərzə verə bir nəfərin pədəri,
Fərzəndinə olmaz zahir əsəri;
Yetmiş ildən sonra nəvvadələri
Məgər ondan tapa bir rahi-nicat.

        Zakir satirasının tənqid obyektlərindən biri də ikiüzlü ruhanilər, yalançı və satqın din xadimləridir. Şair realist bir sənətkar kimi din xadimlərinin iç üzünü açır, onların dini fanatizmi təbliğ etməklə camaatı aldatdığını, dindən yalnız öz tamah və mənafeləri üçün istifadə etdiklərini açıb göstərir, onlara qarşı nifrət hissi aşılayır. Şair «Qarabağ qazisi», «Şuşa mollaları haqqında» və s. kimi şeirlərində, M.F.Axundzadəyə yazdığı «Bax» rədifli məktubunda göstərir ki, din xadimləri, ruhani və mollalar ölkəyə hərc-mərclik salan, sözləri ilə əməlləri düz gəlməyən tüfeyli və müftəxordurlar:
 
Vaiz bizə söylər şəri Mustafa,
Hərama mürtəkib olmayın əsla!
Özü lüm-lüm udur batində, əmma
Zahirdə dediyi mənayə bir bax!

        Zakir ruhaniləri tənqid edərkən heç də islam dininə, Allaha qarşı çıxmırdı. O, Allahı da Islam dinini də ürəkdən qəbul edir, lakin Allah və din adından danışıb onu ciblərinə uyğunlaşdıran ruhaniləri kəskin tənqid edir, ifşa hədəfinə çevirirdi.
        Zakirin satiralarında təkcə çarizm, onun məmurları, ruhanilər deyil, cəmiyyətin digər mənfi təbəqələri də gülüş hədəfi kimi götürülmüş, zəhmətkeş xalqı istismar edən zülmkar bəylər, xanlar, xalqı soymaqla məşğul olan baqqallar və tacirlər və başqaları öldürücü satira atəşinə tutulmuşdur. Şair bəy və mülkədarlarda gördüyü zülmü, əxlaqi eybəcərlikləri özünün yaxından tanıdığı Cəfərqulu xan, Əmiraslan bəy, Hüseyn bəy və başqaları kimi çürük mənəviyyatlı şəxslərin simasında ümumiləşdirir, bu adamları Firon, Zöhhak kimi qaniçən tarixi şəxslərlə müqayisə edərək onların daha alçaq simaya malik olduqlarını göstərirdi.

 
Çoxlann qılıbsan çörəyə möhtac,
Axtarsan, tapılmaz dərdinə əlac;
Fironu Hamanü Zöhhakü Həccac
Ola bilməz ola sitəmkar sendən.

        Qasım bəy Zakirin satiraları həm XIX əsrin ictimai bəlalarını açıb göstərən, ədalətsizlik və yaramazlıqları ifşa edən, həm də rəngarəng üslub çalarlarına malik əsərlər kimi diqqətəlayiqdir. Bu şeirlər müasir həyatımız üçün də aktual mövqedədir və oxucular tərəfindən indi də maraqla oxunur.
Top