Dünyada ana məhəbbəti qədər müqəddəs, ana sevgisi qədər ülvi bir hiss yoxdur. Bəşər nəsli yarandığı ilk gündən bu munis qayğıya möhtac olmuşdur və indi də olmaqdadır. Ana haqqı - tanrı haqqı, ana qucağı - behişt guşəsidir. Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir musiqi yoxdur. Dünyanın ən gözəl musiqisi ana laylası, ən şirin ətri isə ana nəfəsidir.
 
Yoxsa da dünyanın ucu-bucağı,
Hər yerdən istidir ana qucağı.

 
        Ana məhəbbəti ən ülvi bir hiss kimi şifahi xalq yaradıcılığımızdan tutmuş, yazılı ədəbiyyatımıza qədər bütün ədəbi nümunələrdə özünün geniş poetik əksini tapmışdır. Sənətkarlarımız anaya olan dərin məhəbbətlərini müxtəlif sənət əsərlərində çox məharətlə ifadə etmişlər. Təkcə Cəfər Cabbarlının «Ana» şeirini xatırlamaq kifayətdir ki, ana məhəbbətinin müqəddəsliyi haqqında tam təsəvvür əldə edəsən. Bu lirik şeir, anaya həsr olunmuş ən böyük himn, ən gözəl simfoniyadır.
 
Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.

        Görkəmli şairəmiz Nigar Rəfibəylinin yaradıcılığında qadın qəlbinin təmizliyi, ana məhəbbətinin müqəddəsliyi motivləri çox qüvvətli səslənir. Ana əzəmətini hər şeydən üstün tutan şairə, bu mövzuya aid ürəkləri riqqətə gətirən dərin məzmunlu şeirlər yaradır, anaların simasında bütün qadınlığı, qadın şərəfini, qadın heysiyyətini müdafiəyə qalxır.
        Şairənin ana obrazı onun öz şəxsiyyəti ilə birləşir. Lirik qəhrəmanın dili ilə demək istədiyi fikirlər şairənin özünün ürəyindən qopan xoş niyyətli arzulardır. Şairə özü də bir ana kimi bəşəriyyətin, ana övladlarımn müdafiəsinə qalxır, sülhü, əmin-amanlığı müdafiə edir, müharibələrə, insan ölümünə səbəb olan amillərə nifrətlər yağdırır:

 
Sən anasan, mənim də analıq şərəfim var,
Anaların qəlbində birdir böyük duyğular.
Haray salıb qaldıraraq anaları yuxudan,
Dünyada heç bir ana mürgü döyməsin bu an.
Qalxsın bütün analar sülh, səadət naminə!
Gələcək nəsillərə gözəl həyat naminə!

        Ana həyatımızın ən müqəddəs varlığı, ən ülvi canlısıdır. Ana qəlbində idraka sığmayan bir müdrik, səbir və dözüm vardır. Bu mərdlik və dözümlülük qarşısında, bu ülvi məhəbbət qarşısında biz hamımız baş əyir, səcdə qılırıq.
        Ana məhəbbəti bir ümmandır. O, övladının xoşbəxtliyi uğrunda bütün əzablara sinə gərir, hər cür çətinliklərə dözür, od ətrafında fırlanan pərvanə kimi ürəyinin yağını əridir.

 
Ana! Bax bu sözün mənası nədir?
Ana! Oda aşiq bir pərvanədir.
Dolanır başına daim övladın,
Ana - müqəddəsdir, o, təmiz qadın!
Top