Od ürəkli, od nəfəsli diyarımsan,
Ocağına canım qurban Azərbaycan!
Əzilsəm də əyilməyən vüqarımsan,
Bu çağına canım qurban Azərbaycan!
                                  (N.Həsənzadə)

        Ecazkar bir diyardan - Azərbaycandan, Odlar diyarımdan söz açmaq istəyirəm. Azərbaycan coğrafi addır. Bu ad bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. Yəni bu ərazidə yaşayan əhali odu Allah sayırdılar, oda tapınırdılar. «Azər» - od, atəş deməkdir. «Azər» - ər kişi, ər oğlu, od qoruyan deməkdir.
        Azərbaycanı tanımaq, onun haqqında həqiqəti bilmək üçün bu torpağa, onun adamlarına dost gözü ilə baxmaq lazımdır.
        Azərbaycan! Sən odlardan, alovlardan keçib tarixə Odlar diyarı kimi düşdün.
        
Hər uğurun gələcəyə bir yol açır,
Hər dost elə xoş niyyətin işıq saçır.
Hər millətə, hər məzhəbə isti, açıq,
Qucağına canım qurban, Azərbaycan!

       Odlar diyarım, tarixini xəyalımda canlandırarkən heyrətlənirəm. Cavanşirlər, Babəklər, Nəbilər, Mehtilər yadıma düşür. Bu gün onlardan heç də geridə qalmayan Mübarizlər, Fəridlər, Aqillər, Tofiqlər, Namiqlər öz adlarını tarixə qızıl hərflərlə yazdılar.
        Bu bərəkətli, səxavətli torpaq bir çox mütəfəkkirlərin, filosofların, alimlərin, şairlərin, memarların, musiqiçilərin, rəssamların beşiyidir. Zərdüşt bu torpaqda dünyaya göz açmışdır.
        Azərbaycan torpağı bəşəriyyətə Nizami, Xaqani, Bəhmənyar, Nəsimi, Xətayi, Füzuli, Nəsrəddin Tusi, V a q if... və b. dahilər bəxş etmişdir.
        Biz vətənin övladları, vətən oğluyuq. Vətən bizi qoynuna alıb bəsləyirsə, bizə oğul deyirsə, biz də bir oğul kimi onun qədrini bilməli, onun azadlığı və suverenliyi uğrunda canımızdan belə keçməyi bacarmalıyıq.
        Mən də bütün qəlbimlə Ana ocağa, Ata yurdum Azərbaycana - Odlar diyarına, bu müqəddəs torpağa bağlıyam, onun fərəhi mənim fərəhim, onun kədəri mənim kədərimdir.
        
Top