İnsan üçün ən müqəddəs hisslərdən biri də dostluqdur. Dostluq yer üzünün bütün insanları üçün sevinc dolu həyatdır, ən ülvi və saf, mənəvi sərvətdir. İnsanı şadlandıran, onda gələcəyə böyük ümid doğuran, onu şərəflə ucaldan dostluq hissidir. Dostluq insanların könül sən/əti, qəlb nemətidir. Dostluq insanları bir-birinə yaxınlaşdıran qızıl körpüdür, qırılmaz əlaqədir.
        
Dostluqdan min kitab yazılsa azdır,
Onun al bayrağı götürməz ləkə.
Dostluq könüllərdə səslənən sazdır,
Ucalıronunla bu el, bu oba.

        Dostluğu heç nəyə bənzətmək olmaz. O, dənizə, ümmana bənzər, daim coşar, çağlayar, insanları qəhrəmanlığa, fədakarlığa səslər. Dostluq dedikdə insanların bir-birinə olan saf və təmiz münasibəti, pak sevgisi başa düşülür. Dostluq dedikdə Usta Zeynal sədaqəti, Mirzə Cəlil cəsarəti, Mehdi Hüseynzadə qəhrəmanlığı yada düşür. insan insanın dostu, yoldaşı və qardaşıdır. Dostsuz insan dirəksiz dama bənzər. insan üçün əsl dost qədər qiymətli heç nə yoxdur. Kimisə qorxudub özünə tabe etmək olar. Lakin heç vaxt zor yolu ilə dost qazanmaq olmaz. Dost qazanmaq üçün, sən özün də yaxşı dost olmalısan. Çünki atalar demişdir: «Dost dosta tən gərək, tən olmasa gen gərək».
        Mənim də çoxlu dostlarım var və mən onların xətrini çox istəyirəm. Lakin mənim əsl dostum Mahir adlı sinif yoldaşımdır. Biz bir-birimizi çox gözəl başa düşür, əsl dostlar kimi münasibət saxlayırıq. Mahirin mənim xoşuma gələn əsas cəhəti onun təmiz qəlbli, açıq ürəkli olması və sözü üzə deməsidir. Mahir mənim də səhvlərimi üzümə deyir. Lakin mən bundan nəinki incimirəm, əksinə, bir dost kimi ona daha da yaxınlaşıram. Çünki əsl dost heç vaxt öz dostunun eyibini gizlətməz, onun özünə deyər ki, bu eyibləri düzəltsin. Atalar deyiblər ki, «Dost üzdə, düşmən isə arxada danışar». Həqiqi dost odur ki, dostunun nöqsanına göz yummasın, onun qüsurlarını üzünə desin. Dahi şairimiz Nizami Gəncəvi özünün «Leyli və Məcnun» poemasında Məcnunun atasının dili ilə deyir: «Dostun güzgüsü ən yaxşı dostdur. Güzgü öz həqiqi varlığı ilə eyibləri göstərir ki, sən onları yuyasan».
        Dostsuz həyat insan üçün çox ağırdır. Sədaqətli, etibarlı və vəfalı dost insan üçün ən böyük xəzinədir. insan bütün həyatı boyu dost köməyinə, yoldaş yardımına ehtiyac duyur. Bu fikrimi sübut etmək üçün yenə dahi Nizamidən misal gətirmək istəyirəm. Şair «Xosrov və Şirin» poemasında dost yardımı haqqında, dost və yoldaşsız həyatın çətinliyi haqqında belə yazır:
        
Yoldaşdan yoldaşa yetişər kömək,
Heç bir işdə olma yarsız, yoldaşsız,
Dünyada yoldaşsız Allahdır yalnız.
Dünyada çox iş var yoldaşdan aşar,
Yaman gündə çatar dada yoldaşlar.

        Dostluq, mehribanlıq ən gözəl nemətdir. Mən istərdim ki, bütün insanlar dost, yoldaş olsunlar, hamı bir-biri ilə səmimi və mehriban rəftar etsin.
Top