İnsan üçün həyatda ən gözəl və ən doğma şəxs onu dünyaya gətirən anadır. Ana müqəddəsdir və məhz müqəddəsliyinə görə Vətəni də anamız kimi sevir, ona «Ana Vətən!» deyirik. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar.
Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, bu ulu diyar! Bu torpaq Babəklərin, Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar həmişə yaşamışdır və daim yaşayacaqdır. Son dövrlərin narahat dünyası, zorla cəlb edildiyimiz Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan igidlər diyarı, qəhrəmanlar ölkəsidir. Bu torpaq halal torpaqdır. Kimlərinsə əlindən alınmayıb, kimlərdənsə zəbt olunmayıb. Halal bir torpağın övladları qəhrəman olmaya bilməz. Bu torpağın nankor övladını torpaq özü götürməz.
Mən bu yazımda Azərbaycan qəhrəmanlanndan biri haqqında - Quliyev Mətləb Kamran oğlu barədə söhbət açmaq istəyirəm.
Quliyev Mətləb Kamran oğlu - Beyləqanda müəllim ailəsində anadan olmuş Mətləbi tale sanki vətən keşikçisi kimi həm çətin, həm də çətin olduğu qədər şərəfli bir xidmətə hazırlamışdı. Orta məktəbi bitirdikdən sonra təhsilini C.Naxçıvanski adına hərbi internat məktəbində davam etdirib, onu əla qiymətlərlə başa vuran Mətləb bütün varlığı ilə hərbi sahəyə can atırdı. Təzəlikcə leytenant rütbəsi də almışdı. Sumqayıt məktəblərində hərbi təlim müəllimi işləyirdi. Onu qamətinə çox yaraşan hərbçi geyimində qapıdan girən görəndə evdəkilərin sevinci, qüruru sinələrinə sığmırdı.
Xain ermənilər Qarabağ savaşına əl atanda heç kim Mətləbin qarşısını ala bilmədi. Mətləbin bu sözləri hamını susdurdu: «Torpaq o zaman vətən olur ki, onu qoruyasan, uğrunda qan tökəsən... kişi kimi...»
Milli ordu hissələrində baş leytenant Mətləb Quliyevin başçılıq etdiyi taqım, Ağdam cəbhəsində ön cərgələrdə vuruşurdu. Sayca üstün olan, həm də ətrafdakı hakim yüksəkliklərdə mövqe tutmuş ermənilər dəfələrlə hücuma keçsələr də, sərrast pulemyot atəşi ilə geri oturdulurdular. Mətləb döyüşü məharətlə idarə edir, ən çətin dəqiqələrdə özünü bu və ya digər mövqelərə çatdırırdı. Tağımın mövqeyi önündə yüzlərlə düşmən meyiti yerə sərilmişdi.
Vuruşmanın ən qızğın çağında taqımın pulemyotçusu həlak oldu. Atəşin zəifliyini görən erməni quldurları qələbə çalacaqlarını yəqin edib yenidən irəli cumdular. Səngərlərə yaxınlaşmışdılar ki, bayaqdan susan pulemyot yenidən dilləndi. Erməni sıraları bir anda pərən-pərən düşdü, ölənləri yerdəcə buraxıb qaçmağa üz qoydular.
Mətləb pulemyotun hər darağını boşaltdıqca, güllələr hədəfi yaxaladıqca elə bil Koroğlu nərəsi çəkir, qolu ilə gözlərini göynədən tərini silib yenidən tətiyi basırdı. 0, bu döyüşdə şəxsən 30-dan artıq düşməni məhv etdi. Çətin döyüş bizim hissələrin qələbəsi ilə başa çatdı. Lakin bu qələbə üçün Mətləb öz canını qurban verdi, ölümü ilə ölümsüzlüyə qovuşdu. Belə qəhrəmanlar heç vaxt ölmürlər. Onlar qədirbilən xalqımızın qəlbində əbədi yaşayır, gələcək nəsilə örnək kimi həmişə xatırlanırlar.