Günün birində Teymur Ləng Mollaya deyir:
– Molla, bugün keyfim çox sazdı. Sənə bir şey bağışlamaq istəyirəm. Amma bilmirəm nə bağışlayam ki, öz ürəyindən olsun.
Molla deyir:
– Qibleyi-aləm sağ olsun elə sən hər nə bağışlasan mənim ürəyimdən olar.
Teymur deyir:
– Onda qoy mən bir-bir sayım, sən özün seç! Ya on qızıl, ya bir at, ya bir sürü qoyun, ya da bir bağ. Hansını istəyirsən?
Molla deyir:
– Əgər mənim ürəyimi soruşursansa, mən istəyirəm sən sübut eləyəsən ki, doğrudan da ədalətli bir şahsan.
Teymur deyir:
– Necə?
Molla deyir:
– Əgər mən on qızılı cibimə qoyub ata minsəm, qoyunları qabağıma salıb bağa getsəm sən sübut eləmiş olarsan ki, ədalətli şahsan.
Teymur deyir:
– İştahan pis deyil. Əgər heç birisini verməsəm?
Molla deyir:
– Heç bir şey. Sübut eləmiş olarsan ki, elə Teymur Ləngsən ki, varsan.
Top