Hələ cavan vaxtlarında Molla Nəsrəddin bir gün yaman pulsuzlayır.,
hətta çörək almağa da imkanı olmur. Çox fikirləşəndən sonra, bir
keçisi var imiş, onu götürüb aparır bazara ki, satıb çörək pulu eləsin.
Ancaq keçi o qədər arıq imiş ki, heç kəs yaxınına düşmür. Nəsrəddin
axşamacan keçini gəzdirirsə də sata bilmir. Qaranlıq düşə-düşdə keçini
sürür bir ölü basdıran axundun qapısına. Axund qapıya çıxıb soruşur:
– Kimsən? Nə istəyirsən?
Nəsrəddin deyir:
– Axund əmi, mən bu şəhərdə qərib, kimsəsiz bir adamam. Ürəyimə
damıb ki, ömrümə çox qalmayıb.Bu yaxınlarda öləcəyəm.Dünya
malından da ümidim bircə bu keçiyə gəlir. Gətirmişəm ki, bu gecə bunu
kəsib yeyəsən, əvəzində mən öləndə üstümə gəlib, özün məni basdırasan.
Axund elə o saat keçini alıb həyətə qatır, Nəsrəddinə də söz verir
ki, lap arxayın olsun.
Nəsrəddin o gecəni bağların birinə girib yatır. Sabahı da ac-acına
birtəhər yola verir. Elə ki axşam düşür, yenə də gəlir axundun qapısına.
Baxır ki, keçinin dərisi həyətdə sərilib. Bilir ki, axund keçini yeyib.
Qapını döyür. Axund çıxıb görür ki, dünən keçi gətirən oğlandır. Soruşur:
– Nə var? Nəyə gəlibsən?
Nəsrəddin deyir:
– Axund əmi, başıma iş gəlib.
Axund soruşur:
– Nə iş?
Nəsrəddin deyir:
– Dünən buradan gedib gördüm ki, evimizdə iki fərraş var. Məni
götürüb bir baş apardılar hakimin yanına. Hakim mənə bir dənə eşşək
verdi, yüz dənə də kəndin siyahısını. Əmr elədi ki, gərək mən bir ilin
ərzində düşəm bu kəndlərə, görəm camaat necə dolanır, əhalini kim
incidir, kim fağır-füğəranı aldadır, söz verib, sözündən qaçır, gəlib ona
xəbər verəm. İndi gəlmişəm sənə də deyəm ki, hazırlaşasan, sabah çıxırıq.
Axund soruşur:
– Bəs mən niyə çıxıram?
Nəsrəddin deyir:
– Necə yanı niyə çıxırsan? Keyfim istədi mən ya yolda, ya da
kəndlərin birində yıxılıb öldüm, bəs məni kim basdıracaq?
Axund deyir:
– Əşi, sən nə danışırsan? Mənim kəndlərdə nə işim var?
Nəsrəddin deyir:
– Axund, bir mənə de görüm, mən sənə keçi vermişəm?
Axund deyir:
– Vermisən.
Nəsrəddin soruşur:
– Sən də mənə söz vermisən?
Axund deyir:
– Hə, nə olsun? Bir dənə arıq keçidən ötrü gərək indi mən düşəm
sənin dalına ki, görüm harada ölürsən?
Nəsrəddin deyir:
– Əvvəla, mənim keçim arıq deyildi. Arıq olsaydı, o gecə kəsib
yeməzdin. İkincisinə qalan yerdə, sən deyirsən bəs mən öz xoşuma
gedirəm. Bu, hakimin əmridir. Getmərik, tutar qulağımızdan, basar
dama. Üçüncüsünə qalan yerdə, əgər verdiyin sözdən qaçırsansa, mən
bu başdan gedim hakimə deyim ki, sən elə onun axtardığı adamlardansan;
mənim kimi fağırı aldadıb, keçimi kəsib yeyibsən, indi də verdiyin
sözdən qaçırsan, hakimin də əmrinə boyun əymək istəmirsən.
Axundun gözləri çıxır kəlləsinə. Deyir:
– Yaxşı, mən sənin o keçinin pulunu versəm, mənim yaxamdan əl
çəkərsən?
Nəsrəddin deyir:
– Mənim arzum bu idi ki, məni sən basdırasan. Ancaq indi ki, iş
belə düşüb, sən də gedə bilmirsən, neynək, sənə yazığım gəlir, ver pulu,
gedim ayrı adam tapım. Ancaq mən o keçini çox baha almışdım.
Qərəz, Nəsrəddin bu yol ilə öz arıq keçisini birə-beş qiymətə satır
axunda.
Top