Molla bir başqa kəndə qonaq gedir. Camaat tutur yaxasından ki, gərək bizə bir mövzə eliyəsən. Molla nə qədər çalışır ki, camaatın əlindən yaxasını qurtarsın, olmur. Axırda çar-naçar çıxır minbərə. Nə desin, nə deməsin başlayır İsanın göyə çıxmağından. Sözü o yerdə qurtarır ki:
– İsa elə o vaxtdan qalıb göyün dördüncü qatında.
Camaat dağılır. Molla bayıra çıxanda bir arvad onun qabağını kəsir ki:
– Molla, sən deyirsən İsa qalıb dördüncü göydə. Bəs orda o, nə yeyib dolanır?
Molla bir az fikirləşib görür ki, arvad onu pis yerdə tutub. Özünü sındırmayaraq deyir:
– Heç mən yekəlikdə Molla üç gündür sizin kəndinizdəyəm, bir dəfə ağzından qıfıl götürülmür ki, soruşub görəsən, mən burada nə yeyib dolanıram. Amma mənim ağzıma gəldi, bir yalan dedim, o saat onun orada nə yediyini soruşursan.
Top