Günlərin birində bir dərviş Mollanın şöhrətini eşidib, mərc edir ki:
– Mən onu aldadıb, istədiyimi ala bilərəm.
Gözləyirlər, elə ki,Molla gəlir bazara, dərviş onun qabağına çıxıb deyir:
– Salaməleyküm, Molla əmi!
Molla da cavab verir ki:
– Əleyküməssəlam, ağa dərviş!
Dərviş deyir:
– Molla, sənə bir sualım var. Görürəm ki, sən alim adamsan. Gərək mənim bu sualıma düzgün cavab verəsən.
Molla deyir:
– Buyur görək, sualın nədir?
Dərviş deyir:
– Molla, Həzrəti-Adəm bizim nəyimizdir?
Molla deyir:
– Babamız.
Dərviş deyir:
– Yaxşı, çox gözəl. Bəs Həvva nəyimizdir?
Molla deyir:
– Nənəmiz.
Dərviş deyir:
– Yaxşı, demək, biz bir babanın, bir nənənin nəvələriyik, elədimi?
Molla deyir:
– Bəli, elədir.
Dərviş deyir:
– Demək ki, biz qardaş, ya da ki, çox uzaq olsa, əmioğlanlarıyıq, eləmi?
Molla deyir:
– Bəli, elədir ki, var.
Dərviş deyir:
– İndiki elədir, necə ki qardaş, ya də əmioğlu, gərək dünyada nəyin varsa, bir hissəsini bölüb verəsən mənə.
Molla görür ki, dərviş lotu adamdır. Özü də onu yaman yerdə tutub.
Heç öz əvvəlki halını dəyişməyib:
– Haqlısan, əzizim! Baş üstə. Buyur, – deyərək onun ovcuna bir qəpik pul basır.
Dərviş deyir:
– Molla, sənin o qədər varından, dövlətindən mənə elə bircə qəpik çatır?
Molla ağzını onun qulağına yapışdırıb deyir:
– Səs eləmə, nə vermişəm, götür, get! Yoxsa o biri əmioğlanları eşitsə, o qədər vərəsə yığılar ki, sənə heç bir qəpik də düşməz.
Camaat gülüşür. Dərviş deyir:
– Nəyə gülürsünüz? Bir qəpik də olsa yenə aldım ki?..
Molla başa düşür ki, bu, mərc eləmiş imiş. Deyir:
– Almağına almısan, ağa dərviş! Amma, bu almağın axır verməyi də var.
Dərviş soruşur:
– Necə?
Molla deyir:
– Axır mən də sənin qardaşın, ya da ki, əmioğlunam. Səndən də mənə vərəsə haqqı çatır. İndi zəhmət çək, sən ver, görüm, nə verirsən?
Beləliklə, Molla verdiyi qəpiyi geri alır.
Top