Molla bir gün səhər dua eləyib deyir:
– Allah, indiyə kimi mən səndən heç nə istəməmişəm. İndi istəyirəm
səni bir sınaqdan çıxardım. Əgər doğrudan da varsansa, mənə yüz
dənə qızıl yetir.
Bir tərəfdə oturub ərinə qulaq asan arvadı soruşur:
– A kişi, bəlkə yüz olmadı, bir az əskik oldu.
Molla deyir:
– Yox, şərtimiz var. Lap doxsan doqquz da olsa, götürmərəm.
Sən demə, bu söhbəti Mollanın çox dövlətli bir qonşusu eşidirmiş.
Mollanı ələ salmaq məqsədilə sabahısı səhər tezdən yerindən durub,
bir kisəyə düz doxsan doqquz qızıl qoyub ağzını bağlayır, gətirib Mollanın
bacasından içəriyə salır. Molla bir də baxır ki, bacadan bir kisə
düşdü. Tez götürüb açır, baxır nə... içi qızılnan dolu. De, başlayır saymağa.
Sayhasay-sayhasay, görür ki, düz doxsan doqquz dənədir. Heç
halını pozmayıb deyir:
– Zərər yoxdur, doxsan doqquzunu yetirən birini də yetirər.
Molla qızılı qoyur cibinə. Dövlətli qonşu işi belə görüb tez damdan
enib gəlir ki:
– Aşna, ver qızılları.
Molla soruşur:
– Nə qızıl? Sarsaqlamısan-nədi? Mən sənə qızıl-zad borcluyam?
Dövlətli deyir:
– O qızıllar ki, bacadan düşdü, mən atmışdım. Sənin səhər duanı
eşitdim, sözünün üstündə durub-durmayacağını yoxlamaq istədim.
Molla deyir:
– Mən nə dua eləmişəm, nə də bacadan qızıl düşüb. Bu qızılları ki,
sayırdım, o mənim arvadımın dədəmalısıdır. Dünən alıb gətirib.
Qərəz, mübahisə uzanır. Kişi görür ki, Molla qızılı verməyəcək,
yaxasından tutur ki:
– Dur, gedək qazıya.
Molla deyir:
– Gözüm üstə! Mən qazının yanına getməkdən boyun qaçırmıram.
Ancaq qoca adamam, piyada gedə bilmərəm. Gərək mənə bir yaxşı
qatır verəsən, minəm gedəm.
Dövlətli qızılların dərdindən gedib bir yaxşı qatır gətirib verir ona.
Molla qatırın gəldiyini görüb deyir:
– Balam, arvad gecə cübbəmi yuyub, yaşdır. Mən gedə bilməyəcəyəm.
Kişi gedib bir dənə də təzə cübbə gətirib verir ona. Molla cübbəni
geyir, qatırı minir, düşürlər yola. Dövlətli qazının yanında əhvalatı danışıb
qızılları istəyir. Qazı üzünü Mollaya tutub soruşur:
– Molla, sən nə deyirsən?
Molla deyir:
– Qazı ağa, əvvəl-əvvəl bir bundan soruş görək ağlı başındadır, ya
yox?
Dövlətli hirslənir ki:
– Bu nə sözdür? Əlbəttə, başımdadır.
Molla deyir:?
– Yaxşı, ağlı başında olan adam da xalqın bacasından doxsan doqquz
qızıl salar?
Dövlətli yenə əhvalatı başdan danışıb, Mollanı yoxlamaq istədiyini
deyir. Molla başlayır danışmağa ki:
– Qazı ağa, bu qızıllar mənim arvadımın dədəmalısıdır. Mən səhər
onları sayanda, yəqin bu görüb, indi də əlimdən almaq istəyir. Bu tacir
tayfası elə həmişə belə göygöz olur. Mən qorxuram hələ bu başlıya ki,
mənim mindiyim qatır da bununkudur.
Dövlətli deyir:
– Bəs necə? Əlbəttə, mənimdir.
Molla deyir:
– Gördün qazı ağa!.. Mən sənə deyirəm ki, bunun başına hava gəlib,
sən inanmırsan. Bir az da dayansa deyəcək ki, əynindəki cübbə də
mənimdir.
Dövlətli lap özündən çıxır ki:
– Əlbəttə, mənimdir.
Molla çox sakit deyir:
– Di, qazı ağa, özün münsif ol, ədalətini göstər!
Qazı dövlətlinin doğrudan da dəli olduğunu yəqin eləyib, çıxardıb
qovur. Molla qızılları, cübbəni və qatırı götürüb evə qayıdır.
Top