Mollanın qonşuluğunda dövlətli, xəsis, heç kəsin əlindən tutmaq 
istəməyən, xeyrə-şərə yaramaz bir adam olurmuş. Günlərin birində 
Mollanın bu qonşunya balaca bir işi düşür. Gəlib qapını döyür. Qonşu 
pəncərədən Mollanın onlara gəldiyini görüb gizlənir. Nökər Mollaya 
deyir ki: 
– Ağam evdə yoxdu. 
Molla bilir ki, nökər yalan deyir. Ürəyində deyir:"Eybi yoxdu, belə 
deyil ki, belə olsun. Gün gələr dəmir qapının da taxta qapıya işi düşər". 
Günlər keçir, həftələr dolanır, bir gün həmən qonşunun Mollaya 
vacib bir işi düşür. Durub onun qapısına gəlir. Molla da pəncərədən 
baxırmış. Qonşunun onlara gəldiyini görcək tez qapının dalına gəlib 
gözləyir. Qonşu qapıya çatıb döyməyə başlayır. Molla qapının dalından 
deyir: 
– Mən evdə yoxam. 
Qonşu deyir: 
– Molla, qonşuluqda belə şeylər yaxşı deyil. Necə yanı mən evdə 
yoxam? 
Molla deyir: 
– Vallah, ay qonşu, bu dünya ki var, gör-götür dünyasıdır. Bir neçə 
vaxt bundan qabaq mən sizə gəldim. Sən nökərini öyrətdin ki, desin 
ağam evdə yoxdu. Mən də səndən öyrəndim. Ancaq nökərim olmadığına 
görə məcbur oldum ki, özüm evdə olmadığımı özüm deyəm. Nə 
eləyim? Sənin kimi dövlətli deyiləm ki, nökər saxlayam. Mən özüm 
özümə həm nökərəm, həm də ağa.