Mollanın qonşularından biri bir dəfə qonaqlıq verir. Çoxdan plov 
yeməmiş Molla ha gözləyir ki, indi gəlib onu da çağıracaqlar, ancaq 
gələn olmur. Molla gözləyir, xörək ortalığa gələndə arvadının dərsini 
verib, salır qabağa. Arvad həşir, qiyamət salır ki: 
– Ay qoymayın, Molla məni öldürdü! 
Molla da əlinə bir yekə zopa alıb onu qova-qova çığırır: 
– Tutun onu! Gərək onun qol-qıçını sındıram. 
Camaat tökülür bayıra. Arvadlar arvadı, kişilər də Mollanı tutub 
aparırlar evə. Molla dartınır ki: 
– Yox, gərək onun qol-qıçını sındıram. 
Qərəz, bunu birtəhər sakitləşdirirlər. Plov gəlir ortaya. Molla 
doyunca yedikdən sonra durub çıxır bayıra ki: 
– Arvada deyin gəlsin gedək. 
Ev sahibi deyir: 
– Yox, Molla, arvadı vermərik. Aparıb döyərsən. 
Molla deyir: 
– Ay sarsaq arvadı niyə döyürəm? Keçmişəm məgər arvaddan? Bu 
oyunların hamısı plovun başında idi.