Mollanın yaşadığı şəhərə təzə bir hakim qoyurlar. Ancaq bu hakim
yeməkdən başqa bir şey haqqında fikirləşməzmiş. Elə işə başladığı
gün şəhərin mötəbər adamlarını çağırıb tapşırır ki, nə qədər xörək
bilirlərsə yazıb ona versinlər. Molla da fikirləşir, fikirləşir axırda təzə
bir xörək icad eləyir. İki gündən sonra hakim onu yanına çağırıb
soruşur:
– Hə, nə oldu?
Molla deyir:
– Hakim sağ olsun! Mən sizin üçün lap təzə bir xörək icad
eləmişəm.
Hakim soruşur:
– De görüm, necə xörəkdir?
Molla deyir:
– Sarımsağı bala batırıb yemək.
Hakim aşpazına xəbər verir ki, bu xörəkdən axşama hazırlasın.
Axşam xörək gəlir, hakim bir-iki tikə yeyib "ləzzətini" görür, qəzəblənib
səhər Mollanı yanına çağırtdırır ki:
– Gərək buradaca öz xörəyindən doyunca yeyəsən.
Molla naəlac qalıb ac qarına başlayır sarımsağı bala batırıb yeməyə.
Hakim soruşur:
– Hə, ləzzətlidir? Niyə o yan bu yana baxırsan? Ye! Özün icad eləmisən
ki...
Molla deyir:
– Düzdür, özüm icad eləmişəm. Ancaq bu hələ nəzəriyyə halında
idi. Hələ təcrübədən keçirməmişdim. İndi görürəm ki, ixtiramın nəzəriyyəsi
əməliyyəsi ilə düz gəlmir.
Top