Günlərin birində Teymur Ləng Mollanı da özü ilə götürüb ova çıxır. Birdən-birə hava qaralmağa başlayır. Uzaqdan yağış buludu görünür. Teymur Molladan soruşur:
– Necə baxırsan, Molla, yağış olacaq, olmayacaq?
Molla deyir:
– Deyə bilmərəm, qibleyi-aləm! Mənim münəccimlikdən başım çıxmaz.
– Elə bu söhbətdə bir də görürlər ki, bir naxır gəlir.
Teymur Mollaya deyir:
– Yeri naxırçıdan soruş, o bilər.
Molla naxırçının yanına gəlib soruşur:
– A kişi, bir de görək yağış olacaq, olmayacaq? Naxırçı qatırın quyruğunu əlinə alıb, bir o tərəf – bu tərəfinə baxır, bir tumarlayır, sonra deyir:
– Get ağana de ki, mənim qatırımın verdiyi məlumata görə, bulud keçib gedəcək, yağış olmayacaq. Molla qayıdıb naxırçının elədiklərini,dediklərini Teymura danışır.
Teymur deyir:
– Havanı heyvanlar adamlardan yaxşı bilirlər. O ki qatırın quyruğuna baxıb deyib, demək düzdür. Gedək! Yağış olmayacaq. Bir qədər gedəndən sonra elə bir yağış başlayır ki, tut yağışdan, çıx göyə. Teymur hirslənir. Qışqırır Mollanın üstünə ki:
– Bu nədir? Bəs yağış olmayacaq idi?
Molla deyir:
– Qibleyi-aləm, mən demədim ki, yağış olmayacaq. Qatırın quyruğu göstərdi. Naxırçı xəbər verdi, Siz də təsdiq elədiniz.
Teymur deyir:
– İndi nə eləyək?
Molla deyir:
– Heç nə. Nə eləyəcəksən. Bir hökmdarın ki, münəccimi naxırçı oldu, havaölçəni də qatırın quyruğu, elə sənin kimi cumculuq olar də...
Top