Gecələrin birində Molla həyətdə şıqqıltı eşidir. Tez ox-yayını
götürüb çıxır bayıra. Baxır ki, bağçada, tut ağacının dibində bir qaraltı
var. Oğru zənn eləyib dizini qoyur yerə, nişanlayıb düz ortasından vurur.
Ancaq qorxudan gedib baxmağa cəsarət eləmir. Qaçıb girir yerinə,
yorğanı da başına çəkib yatır. Səhər açılır, Molla görür ki, daha hava
işıqlaşdı, durub çıxır bayıra. Baxır ki, oğru bilib vurduğu öz əbasıdır.
Demə, arvadı gündüzdən əbanı yuyub sərmişmiş tut ağacına. Molla
baxıb görür ki, ox əbanın düz ortasından dəlib keçib. Tez diz çöküb
əllərini qaldırır yuxarı, başlayır şükür eləməyə.
Arvadı soruşur:
– A kişi, əbanı vurub deşdiyin bəs deyil, hələ bir şükür də eləyirsən?!
Molla deyir:
– Arvad, sən də şükür elə! Allah eləməmişdən, Allah eləməmişdən,
dilim-ağzım qurusun! Bəlkə oxu atanda mən özüm də əbanın
içində olaydım. Şükür elə ki, olmamışam. Yoxsa indi ərsiz qalmışdın.
Top