Mollanın baldızı ərə gedirmiş. Arvad ertədən Mollanı oyadır ki: 
– Ay kişi, dur get hamama, oradan da tez çıxıb gəl bacımgilə. 
Molla nə qədər deyirsə ki: 
– Ay arvad, qoy hamama sabah gedim. 
Arvad razı olmayıb deyir: 
– Yox, toya gedirsən, gərək təmiz olasan. 
Molla durub gedir. Bayıra çıxanda arvad bir də deyir: 
– Ay kişi, daha yubanma ha!.. Tez gəl! Sənsiz heç bir şey olmaz. 
Bax, mən ora çatanda gərək sən də orada olasan. 
Molla gedir hamama, tez-tələsik bədənini isladıb geyinir ki, yubanmasın. 
Bayıra çıxanda görür ki, yaman yağış yağır. Bilmir ki, nə 
eləsin. Əyər yağışın kəsməyini gözləsə yubanacaq, arvad eliyəcək gününü 
qara. Axırda paltarını soyunub vurur qoltuğuna, birbaş düzəlir 
yola. 
Camaat bir də baxır ki, Molla, budu, anadangəlmə lüt-üryan girdi 
içəriyə. Soruşurlar: 
– Ay Molla, bu nə haldı? 
Molla deyir: 
– Arvad sözü ilə hamamdan toya gedən həm isti suda çimər, həm 
də soyuq suda.