Molla bazardan on girvənkə ət alıb göndərir evə ki, arvad bir-iki
gün xörək bişirsin. Arvad qonşu arvadları da başına yığır, əti bişirib
yeyirlər.
Molla axşam keyfi kök, damağı çağ, böyük bir iştaha ilə özünü evə
salır ki, indi ət yeyəcək. Çatan kimi səslənir:
– Arvad, acam, xörəyi çək, gətir!
Arvad gətirib bir az çörək, bir-iki baş da soğan qoyur Mollanın
qabağına.
Molla soruşur ki:
– Arvad, bəs ətdən niyə bişirməmisən?
Arvad deyir:
– Başıma daş düşsün. Əti suya çəkib qoydum taxçaya ki, ocağı
yandıram, bir də baxdım ki, azar dəymiş pişik hamısını tərtəmiz
yeyib.
Molla heç bir söz deməyib durur ayağa. Pişiyi tutub qoyur tərəziyə.
Çəkib baxır ki, düz on girvənkədir. Üzünü arvada tutub deyir:
– İndi özün insafla de! Əyər bu pişikdirsə, bəs ət hanı? Əyər ətdirsə,
bəs pişik hanı?
Top