Deyirlər ki, Molla Nəsrəddin bir müddət özünü çox pis hiss eləyir.
Ona elə gəlir ki, xəstədir. Daha həkim qalmır, təbib qalmır... Ancaq
heç kəs onun xəstəliyini tapa bilmir.
O zaman şəhərdə çox ağıllı, bacarıqlı bir həkim var imiş. Molla
Nəsrəddin onun da çox alim bir həkim olduğuna inanırmış. Ancaq çox
hörmətli adam olduğuna görə Molla ona zəhmət vermək istəmirmiş.
Elə ki bu biri həkimlərdən heç biri Mollanın dərdini tapa bilmir, axırda
əlacsız qalıb haman həkimin yanına gedir.
Həkim Mollanı çox yaxşı qəbul eləyir. Saatlarla yoxlayır, sonra
uzun-uzadı söhbət eləyir. Axırda deyir:
– Əzizim, səndə heç bir naxoşluq-zad yoxdu. Görünür ki, sən çox
vasvasısan. Vasvasılıqdan qurtarmaq üçün də bircə yol var ki, gərək
heç bir şeyə əhəmiyyət verməyəsən. Mənim məsləhətimə baxsan,
yayda dağa gedərsən. Bir-iki ay gəzib dolanarsan, hər şey yadından
çıxar.
Molla baxır ki, bu həkim də onun dərdini tapa bilmədi. Korpeşman
evlərinə gəlir. Arvadı soruşur:
– Nə oldu ay kişi?! Bu həkim dərdini tapdımı?
Molla deyir:
– Yox, arvad! Bunun da elə adı var imiş. Nə qədər əlləşdisə, heç
nə tapa bilmədi.
Arvad deyir:
– Ay kişi, bəlkə elə bu yazıq həkimlər doğru deyirlər. Vallah, elə
deyəsən, doğrudan da səndə heç bir naxoşluq-zad yoxdu. Elə beyninə
girib.
Molla hirslənir ki:
– Elə hamı mənə bu sözü deyir. Elə bil ki, hamı tüpürüb bir-birinin
ağzına. Beynimə niyə girir? Beynimə girir gəzmək girsin, yemək
girsin, evlənmək girsin ki, sənin kimi kişisinin hayına qalmayan arvaddan
canım qurtarsın, day naxoşluq niyə girir?!
Sonra bir az fikirləşib deyir:
– Bu həkimlər ona görə belə deyirlər ki, hamısı elə sənin kimi
savadsızdırlar. İndi ki, belə oldu, mən özüm öz dərdimi tapacağam.
Arvad soruşur:
– Necə?
Molla deyir:
– Bir dənə məşhur tibb kitabı var. Yerin üstü də, altı da o kitabda
yazılıb. Bütün dərdlərin əlamətləri də o kitabda var, dərmanı da. Mən
o kitabı sabah taparam, özüm öz dərdimi bilərəm.
Sabahısı Molla haman kitabı tapıb gətirir, başlayır oxumağa. O tərəfini,
bu tərəfini oxuyur, axırı ki, bir yerində öz dərdinin əlamətlərini
tapır. Elə sevinir ki, day axıra qədər oxumayıb arvadı çağırır:
– Gəl, arvad, gəl! Başı daşlı kişinin dərdini tapmışam.
Arvad sevincək gəlir ki:
– Nədir ay kişi, bir oxu görək!
Molla başlayır oxumağa:
– Ürək bulanması... Zəiflik... Baş gicəllənməsi... Hərdən-bir göz
də qaralır... Ağız həmişə dadsız olur.
Görürsənmi, arvad? Bax, tamam mənim dərdimdi. Bu əlamətlərin
hamısı məndə var.Arvad deyir:
– Ay kişi, bir dalını oxu görək... Mən deyəsən bu naxoşluqdan
şübhələnirəm axı...
Molla hirslənir ki:
– Nə şübhələnirsən? Mən yaşda kişi yalan danışacağam ki? Ağzımda
deyirəm ki, bütün bu əlamətlər məndə var da!..
Arvad gülüb deyir:
– Ona görə şübhələnirəm ay kişi! Sən bir dalını oxu! Bu naxoşluqdan
məndə də çox olub. Əgər dərdin budusa, çox qəribədi.
Molla oxuyur:
– Elə ki, bu əlamətlər göründü, gərək xəstə bütün könlü istəyəni
yeyə... Bu xəstəlik ancaq arvadlarda olur. Adına da "yerikləmək" deyirlər.
Mollanın gözləri çıxır kəlləsinə. Bir dikəlib oturur... Bir əlini qarnına
sürtür. Arvad gülə-gülə deyir:
– Gördün ki, qəribədi...
Molla hirslənir ki:
– Qəribə niyə olur? Mən adam-zad deyiləm bəyəm? Nə bilirsən,
bəlkə elə bir şey var...
Top