Günlərin birində Mollanın arvadı bərk sancılanır. Qışqırır Mollanın
üstünə ki:
– Görmürsən ölürəm?! Dur, tez bir həkim çağır gəlsin.
Molla durub qaçır həkimə. Elə küçəyə təzəcə çıxmışmış ki, arvad
daldan çağırır:
– Ay kişi, daha getmə! Lazım deyil, sancım keçdi.
Molla dayanmayıb yüyürür həkimin evinə. Qapını döyür, həkim
çıxır ki:
– Nə var, Molla? Xeyir ola!
Molla deyir:
– Xeyirdir, inşallah. Ayıb olmasın, bizim arvad sancılanmışdı. Dedi
dur get həkim gətir. Durdum gələm, elə təzəcə küçəyə çıxmışdım
ki, arvad daldan çağırıb dedi: daha lazım deyil. Mən də tez gəldim xəbər
verəm ki, daha zəhmət çəkib gəlməyəsən, arvad yaxşı olub.
Top