Molla eşşəyi həmişə özü yemləyərmiş. Eşşək də çox bəd imiş deyinə,
yem verəndə Mollanı çox incidərmiş. Axırda bir gün Molla hirslənib
arvadına deyir:
– Nə xanım kimi oturmusan evdə əlini ağdan-qaraya vurmursan?
Padşah qızı-zad deyilsən ki? Bu adam sənin üçün hambaldı bəyəm?
Bundan sonra eşşəyi sən yemləyəcəksən.
Arvad razılaşmır. O deyir, bu deyir. Axırda söz böyüyür. Çox deyişmə-
didişmədən sonra belə bir şərt kəsirlər ki, qaradinməz oynasınlar.
Kim qabaqca danışdı, eşşəyi o yemləsin. Hərəsi evin bir küncündə
oturur. Arvad gözləyir, gözləyir, görür yox, Molla danışmayacaq.
Axırda durur ayağa, Mollanı evdə tək qoyub çıxır, gedir qonşuya. Lap
axşamüstü əhvalatı qonşuya danışıb deyir:
– Molla birtəhər adamdı. Mən də ki, acığa düşmüşəm getmirəm.
Yazıq çörək-zad yeməyib ac qalacaq. Gəl ona bir kasa şorba göndərək.
Uşağın əlinə bir kasa şorba verib göndərirlər Mollaya. Uşaq gəlməkdə
olsun, bu tərəfdən də bir oğru gəlir Mollanın həyətinə. Baxır
ki, qapılar açıq, səs-səmir də yox. Girir içəri baxır ki, Molla evin küncündə
oturub, amma nə danışır, nə də tərpənir. Oğru bir qədər dayanıb
başlayır evi yığışdırmağa. Molla danışmır. Axırda gəlib Mollanın əmmaməsini
də başından götürüb çıxıb gedir. Oğru gedəndən sonra uşaq
şorbanı gətirir. Molla işarə ilə evin oğurlandığını, hətta əmmaməsinin
də getdiyini uşağa qandırmaq istəyir. Uşaq heç bir şey başa düşmür.
Axırda Molla əlini üç dəfə başının ətrafına çevirir ki, yəni əmmaməni
də aparıblar. Uşaq elə zənn eləyir ki, Molla deyir: şorbanı tök başıma.
Uşaq şorbanı Mollanın başına töküb çıxır gedir. Mollanın üz-gözü yanırsa
da, yenə dinmir. Arvad uşaqdan soruşur:
– Ay bala, Molla nə eləyir?
Uşaq evin qarmaqarışıq olduğunu deyib əhvalatı danışır. Arvad
durub yüyürür, baxır ki, ev gedib. Qışqırır ki:
– A kişi, bu nədir?
Molla tez yerindən qalxıb çırtmaq tutur, başlayır oynamağa ki:
– Ay can, ay can?.. Birinci sən danışdın. Eşşəyi sən yemləyəcəksən.
Top