Günlərin birində bir nəfər Teymur Ləngə bir qaz gətirir. Teymur
Mollaya tapşırır ki, qazı bişirtdirsin. Aşpaz qazı qızardır. Molla qazı
Teymur üçün aparanda nəfsini saxlaya bilməyib, bir budunu özü
yeyir. Teymur baxır ki, qazın bir-budu yoxdur. Üzünü Mollaya tutub
soruşur:
– Molla, bəs bu qazın bir qıçı hanı?
Molla halını dəyişməyib cavab verir:
– Necə yəni bir qıçı hanı? Qaz birqıçlı olar də...
Teymur hirslənir ki:
– Nə sarsaq-sarsaq danışırsan? Necə yəni qaz birqıçlı olar?
Molla: Başın üçün qaz birqıçlı olar, – deyib Teymuru inandırmağa
çalışır.
Teymur Mollanın bu hərəkətindən bərk qəzəblənir. Molla görür iş
şuluqdur. Birdən gözü sataşır pəncərəyə. Baxır ki, çayın kənarında bir
dəstə çöl qazı var, hamısı da birqıçlı durub, özlərini günə verirlər. Tez
üzünü Teymura tutub deyir:
– Sən elə salmısan padşahlığına, nıx dediyini deyirsən. Odu ha...
Bax o qazlara, gör hamısı birqıçlıdı, ya yox?
Teymur lap hirslənir, əlini atıb yay-oxunu götürür, elə pəncərədən
qazların topasına bir ox atır. Qazlar qaçmağa başlayır. Teymur deyir:
– Hanı? Bir bax, gör, birqıçlıdılar, ya ikiqıçlı?
Molla heç halını pozmayıb deyir:
– O oxu ki, sən onlara atdın, mən sənə atsaydım, ikiqıçlı nədir ki,
lap dördqıçlı olardın.
Top