Molla bir aylığa öz kəndlərindən çıxıb başqa bir yerə gedir. Ay tamam
olanda yenə də kəndlərinə qayıdır. Mollanın gəldiyini eşidənlər
gündə dəstə-dəstə gəlib ona harada olduğu, niyə getdiyi, nə üçün belə
gecikdiyi barədə bir çox suallar verib kişini lap təngə gətirirlər. Molla
baxır ki, gəlib-gedənlər onu lap boğaza yığacaqlar. Əgər bazara çıxsa,
hamı töküləcək üstünə, sorğu-sual dolu kimi yağacaq; di gəl bunların
hamısına cavab ver. Bir az fikirləşib götürüb haraya getdiyinin və
verilməsi ehtimal olunan bütün başqa sualların cavabını gözəl xətlə bir
kağızda yazıb tikir cübbəsinin altına, çıxır bazara. Camaat Mollanı
görcək, cürbəcür suallarla tökülüb onu alır aralığa. Molla heç kəsə cavab
vermir, o qədər gözləyir ki, hamı yığılır, sonra cübbəsinin ətəyini
qaldırıb deyir:
– Camaat, bir dəfə oxuyun, əl çəkin mənim yaxamdan! Hamısı
orada yazılıb.
Top