Gecələrin birində Mollanın həyətinə oğru gəlir, hər yeri axtarır,
əlinə bir şey keçmir. Getmək istədikdə baxır ki, dəhlizdə küncə bir az
buğda töküblər. "Heçə lənət" deyib çuxasını çıxarıb sərir yerə, buğdanı
doldurur içinə. Gedir ki, qabaqca həyət qapısını açsın, sonra gəlib
şələsini rahat götürüb aparsın.
Sən demə, Molla da qaranlıqda gizlənib göz qoyurmuş. Elə ki, oğru
küçə qapısını açmağa gedir, Molla yavaşca gəlib çuxanı buğdanın
altından çəkib götürür. Oğru qayıdıb işi belə görəndə qaçmağa başlayır.
Molla düşür dalına ki:
– Qoymayın! Tutun! Oğru gəlib. Evimizi soyub...
Oğru qaça-qaça deyir:
– Heç olmasa insafla danış axı. Bu saat sən məni soymusan, ya
mən səni?
Top