Günlərin birində dəlixanadan bir dəli qaçıb şəhərin ortasındakı
minarənin başına çıxır, qapısını da bağlayır ki, heç kəs yanına çıxa
bilməsin. Camaat yığılır minarənin dibinə, nə qədər edirlərsə, dəli nə
qapını açır, nə də aşağı düşür, elə deyir:
– Elə ki, gün batdı, mən quş olub buradan uçacağam.
Hamı qorxur ki, indi yazıq özünü atacaq, düşüb öləcək. Axırda
gedib əhvalatı Molla Nəsrəddinə xəbər verirlər. Molla deyir:
– Hərənin özünə görə dili var. O yazıq dəlidi. Beyninə düşüb ki,
quş olub uçacaq. Siz də onunla ağıllı adam kimi danışırsınız. Əlbəttə
ki, ağıllı söz ona kar eləməz. Onunla gərək dəli dilində danışasan.
Deyirlər:
– Ay Molla, gəl, nə dil ilə danışırsan danış ancaq ki, bir təhər elə
düşsün aşağı. Günorta azanının vaxtı çatıb.
Molla durub minarənin dibinə gəlir, dəlini səsləyib deyir:
– Adə, ey!.. Bu saat aç qapını, pilləkənlərlə düş aşağı!
Dəli deyir:
– Düşmürəm.
Molla bir qab götürüb su ilə doldurur ki:
– Ya budu düş, ya da bu saat əlimi uzadıb bu suyu tökəcəyəm başına.
Dəli Mollanın əlində içi su ilə dolu qabı görcək başlayır yalvarmağa ki:
– Tökmə, bu saat düşürəm.
Top