Bir gün Molla uzaq kəndlərdən birinə gedirmiş. Yolda yorulub
böyük bir qoz ağacının altında əyləşir. Dəstərxanını açıb bir az
çörəkdən-zaddan yeyir, başının altına da bir daş qoyub uzanır. Ağacın
kölgəsi Mollaya ləzzət verir. O tərəfinə, bu tərəfinə baxıb görür ki,
beş-altı addım o yanda bir bostan var. Qarpızlar, qovunlar adama qaşgöz
edir. Molla bir qarpız-qovuna baxır, bir altında oturduğu qoz ağacına
baxıb öz-özünə deyir:
– İşə bax, sən allah!.. Bu naziklikdə tağlarda bu boyda qovun-qarpız,
bu boyda ağacda bu balacalıqda qoz. Bu dünyanın işi lap tərsinədi.
Elə bu yerdə ağacdan başına bir qoz düşür. Molla diksinib dik atılır.
Sonra üzünü ağaca tutub deyir:
– Elə belə nanəcibsən ki, meyvələrin də belə xırdadı də... Əyər
səndə qovun-qarpız bitsə idi, camaatda baş-göz qoymazdın ki...
Top