Birisi Mollaya çox sataşır. Bir gün yenə də Mollanın çox sevdiyi
və hər zaman əlində gəzdirdiyi əl ağacını sındırır. Molla ağacının sınmağından
kədərlənib deyir:
– O ağac mənim əlim idi. Sən ki onu sındırdın, Allah sənin qıçını
sındırsın!
Kişi gülə-gülə deyir:
– Ay sındı ha...
Molla deyir:
– Dayan-dayan! Gülmə! Sınar. Mənim qarğışım tez yerinə yetər.
Qırx gün, qırx ay, qırx il... Axır bir gün özünü göstərəcək.
Elə haman gün bu söhbətdən sonra o adam Molladan ayrılıb evlərinə
gedəndə təsadüfən sürüşüb yıxılır, qıçı sınır. Mollanın başına gətirdiyi
işdən çox peşman olub ondan üzr istəməyə gəlir:
– Molla, məni bağışla! Sənin qarğışın doğrudan çox tez yerinə yetirmiş.
Sən qırx gün, qırx il demişdin, bu heç qırx dəqiqə də çəkmədi.
Yıxıldım, qıçım sındı.
Molla deyir:
– Hələ bu qırx gün bundan qabaq elədiyin haramzadalığın cəzasıdı.
Bugünkü işinin əvəzini qırx gündən sonra görəcəksən. Onda baxarsan
mənim qarğışımın gücünə.
Top