Molla bir nəfərlə yol yoldaşı olur. Şəhərdən ikisi şərikli bir qab 
qatıq alıbmışlar. Yolun yarısında əyləşib nahar eləməyə başlayırlar. 
Yoldaşı cibindən bir az qənd ovuğu çıxarıb deyir: 
– Mən öz tərəfimə qənd tökəcəyəm. 
Molla deyir: 
– Olmaz ki, onu hər tərəfə tökəsən? 
Yoldaşı deyir: 
– Yox, öz tərəfimə tökəcəyəm. 
Molla deyir: 
– Adamsan, çıxart hər tərəfə tök! 
Yoldaşı inad eləyir ki: 
– Olmaz! Öz tərəfimə tökəcəyəm. 
Molla acıqlanıb cibindən bir şüşə zeytun yağı çıxardıb deyir: 
– Mən də öz tərəfimə zeytun yağı tökəcəyəm. 
Yoldaşı deyir: 
– Molla dayan! Nə qayırırsan? Heç qatığa da zeytun yağı tökərlər? 
Molla deyir: 
– Sənə nə var? Öz tərəfimə tökürəm də... 
Yoldaşı deyir: 
– Molla, axı o yağ duru bir şeydi, axıb bu tərəfə də gələcək. 
Molla deyir: 
– Bilmirəm. Mənə dəxli yoxdu. Ya qəndi qabın hər tərəfinə tök, 
ya da mən öz tərəfimə zeytun yağı tökürəm.