Mollanın qonşu kənddən olan dostlarından biri gətirib ona bir küpə
bal tapşırır ki:
– Molla, bu əmanəti saxla, sabah gəlib aparacağam.
Molla gecə nə qədər əlləşirsə, nəfsini saxlaya bilmir. Arvadı
yuxuya verəndən sonra durub balın hamısını yeyir. Səhər dostu gəlib
görür ki, dünən dostu sağ-salamat idi, bu gün azarlayıb yatır, özü də
başdan-ayağa səpib. Oturur onun yanında, bir az dil-ağız eləyəndən
sonra qalxır ki:
– Molla daha gecdir, mən gedim. Yorğan-döşəyin yüngül olsun.
Molla deyir:
– Xoş gəldin, qardaş!
Dostu bal küpəsini soruşur. Molla deyir:
– Elə özün haraya qoymuşdunsa, oradadır. Küpəyə heç əlim də
dəyməyib.
Kişi gəlib küpəni, doğrudan da, dünən qoyduğu yerdə tapır, amma
götürəndə baxır ki, küpə çox yüngüldür. Ağzını açır ki, bom-boş.
Deyir:
– Molla, bəs deyirdin heç küpəyə əlin də dəyməyib?
Molla deyir:
– Elə genə də deyirəm də... Canım üçün küpəyə heç əlim də
dəyməyib.
Kişi deyir:
– Necə əlin də dəyməyib? Bəs bunun içindəki bal hanı?
Molla deyir:
– Hə, belə de... Axı sən küpəni soruşurdun, balı soruşmurdun ki...
Əgər bal küpənin içində qalsaydı, daha mən niyə yorğan-döşəyə
düşürdüm ki?..
Top