Bir dəfə söhbət əsnasında Molla arvadından soruşur ki:
– Arvad, sən bilərsən, adamın ölüb-ölməməyini nədən bilmək
olar?
Arvad deyir:
– Əl-ayağının soyumağından.
Bu söhbətdən bir neçə gün sonra Molla meşədə odun qırırmış, bir
də baxır ki, əlləri, ayaqları yaman üşüyür. Arvadın sözü yadına düşür,
öz-özünə deyir:
– Bəli, əl-ayağım soyudu, demək ki, mən öldüm.
Bunu deyib, əl-ayağını uzadıb yatır. Bir də baxır ki, yoldan bir qatır
karvanı gəlir, öz-özünə fikirləşir:
– Yaxşı, öləndə nə olar ki?.. Yenə də qoy bir baxım görüm, bu nə
karvandı belə?
Yavaşca başını qaldırır. Qatırlar birdən-birə onun qalxmağından
qorxub hürkürlər. Qatırçı Mollanı tutur ki:
– A kişi, burada nə qayırırsan?
Molla deyir:
– Mən o dünya adamlarındanam. Ölüyəm.
Qatırçı:
– Bu saat sənə göstərərik ölü necə olar-deyib Mollanı ölüncə döyüb
çıxıb gedir. Bir azdan sonra Molla ayılır, durub yavaş-yavaş gəlir
evinə.
Arvadı görür ki, Molla, budu, başı-gözü qanlı gəlir. Bəli, bu dəfə
doğrudan da Mollanın baş-gözünü sarıyıb uzadırlar yorğan-döşəyə.
Mollanın azarladığını eşidən yoluxmağa gəlir. Baxırlar ki, bu
azarlamaq deyil, deyəsən işin içində iş var. Bunun salamat yeri bircə
qulağıdı ki, onun hərəsi dörd parçaya bölünüb. Soruşurlar:
– Molla, nə olub sənə? Harada idin?
Molla deyir:
– O dünyaya getmişdim.
Soruşurlar:
– Necədi o dünya? Xoşuna gəldimi?
Molla deyir:
– Gözəl yerdi. Amma sizə vəsiyyət eləyirəm, işdi, o dünyaya yolunuz
düşsə, məbada-məbada özgənin qatırını ürküdəsiniz.
Top