Bir gün Teymur Ləng ova gedəndə Mollanı da özü ilə bərabər
aparır. Hamı atlanır. Mollanı da arıq, tənbəl bir yabıya mindirirlər.
Molla taytıya-taytıya düşür bunların yanına. Qayıdanbaş möhkəm bir
yağış başlayır. Ova gedənlər hərə öz atını vurub aradan çıxır. Molla atı
nə qədər vurursa, görür yox, at heç iti yerimək fikrində deyil. Yağış da
göydən elə tökür ki, day nə cürə... Molla yavaşca paltarını soyunub
qoyur altına, atı buraxır öz kefinə.
Teymurgil qaçıb girirlər bir mağaraya. Molla gəlib mağaraya çatana
qədər yağış kəsilir. O, çıxardıb paltarını geyinir, gəlir mağaraya.
Teymur baxır ki, hamı suyun içindədir, amma Mollanın paltarları qupqurudur.
Təəccüb eləyib soruşur:
– Molla, bu necə işdir? Sən deyəsən heç islanmayıbsan?
Molla deyir:
– Niyə, belə yorğa atın üstündə də adam islanar? Bayaq qulaqlarını
şəklədib, bir su içimində məni götürüb yağışdan çıxartdı.
Evə qayıdan kimi Teymur əmr eləyir ki, atı baş tövlədə bağlasınlar.
Bir neçə gündən sonra yenə də hara isə bir yerə getməli olur.
Haman atı minir. Bir az gedəndən sonra yağış başlayır. Teymur atı ha
vurur, at yerindən tərpənmir ki, tərpənmir. Qərəz evə gəlib çatana
kimi Teymur suya düşmüş cücəyə dönür. Evə gircək Mollanı
çağırtdırır ki:
– Bu nədir? Mənə yalan deyirsən? Məni oynadırsan?
Molla soruşur:
– Nə olub, qibleyi-aləm?
Teymur deyir:
– Nə olacaq? Yalandan atı təriflədin, islanıb cücəyə dönmüşəm.
Molla gülə-gülə deyir:
Taqsır məndə də deyil, atda da, qibleyi-aləm! Taqsır sənin özündədir.
Sən niyə mənim kimi paltarlarını çıxardıb yağış kəsənə kimi altında
saxlamırdın ki, belə islanmış cücəyə də dönməyəsən.
Top