Şəhərin hakimi Molla Nəsrəddinə özünün ən qorxulu düşməni kimi
baxarmış. Bütün fikri-zikri bu imiş ki, bir fürsət tapıb Mollaya pislik
eləsin.Amma hər nə hiylə qurarmışsa, Molla işin içindən elə məharətlə
çıxarmış ki, hakim özü axmaq vəziyyətdə qalarmış.
Günlərin birində Mollanın eşşəyi ölür. Hadisə Mollaya o qədər
təsir eləyir ki, kişi əməlli-başlı yasa batır. Nə dinir, nə danışır, elə dərd
çəkir. Şəhərin hakimi məsələdən xəbərdar olur. Heç olmazsa Mollaya
sataşmaq üçün yaxşıca fürsət düşdüyünə sevinir. Adam göndərib Mollanı
hüzuruna çağırtdırır.Salamdan sonra yalandan qaş-qabağını sallayıb
deyir:
– Bu nə bədbaxtlıqdır sənə üz verib, ay Molla!? Deyirlər canından
artıq istədiyin, özünə layiq bir eşşəyin var imiş, ölüb... Bəs bizim kimi
dostlara niyə xəbər verməmisən?
Molla başa düşür ki, hakim onu təhqir eləmək məqsədilə çağırıb.
Heç özünü pozmayıb deyir:
– Siz haqlısınız, hakim ağa! Mən doğrudan da o eşşəyi çox istəyirdim.
O, mənə həm eşşək idi, həm at, həm də sizdən yaxşı olmasın, gözəl
bir dost idi. Yazıq elə birdən-birə azarladı, ömrünü bağışladı sizə.
Hakim baxır ki, Molla yenə də onu üstələdi. Yanına çağırmağına
da peşman olur. Bir təhər başdan eləmək üçün deyir:
– Çox da fikir eləmə! Dünyanın vəfası budur. Hamımız o yolun
yolçusuyuq da... Nə etmək olar ki?
Molla deyir:
– Əşi, siz sağ olun! Allah onun ömründən kəssin, calasın sizin kimi
dostların ömrünə. O necə deyərlər, torpağı sanı yaşayasan. Ancaq mən
də elə tək bircə eşşəyin dərdini çəkmirəm ki?.. Bilirəm ki, siz hamınız
o yolun yolçularısınız, odur ki, elə hamınızın dərdini birdən çəkirəm.
Top