Yaz ağzı Molla bazardan bir ikicanlı keçi alır ki, uşaqlarını dolandırsın.
Eşşəyi minir, keçinin də ipini eşşəyin palanına bağlayıb salır
dalına, düzəlir yola. Oğrular işi belə görüb düşürlər Mollanın dalına.
Bir az gedəndən sonra, elə ki, gəliş-gediş az olan küçələrə çatırlar, oğrulardan
biri yaxınlaşıb keçini açır, boynundakı zınqırovu çıxarıb
eşşəyin quyruğuna bağlayır, özünü götürüb əkilir. Mollanın işdən xəbəri
olmur. Bir qədər də gedəndən sonra ikinci oğru Mollanın qabağını
kəsir ki:
– Salam, Molla əmi! Bu nədir? Zınqırovu eşşəyin quyruğuna niyə
bağlamısan?
Molla dönüb baxır ki, keçi yoxdur. Bir əli olur, bir başı. Oğru deyir:
– Bu saat bir kişi buradan bir keçi aparırdı. Yəqin elə sənin keçin
imiş... Darıxma, ver eşşəyi mən saxlayım, sən yüyür dalınca, al gətir!
Molla eşşəyi ona tapşırıb keçinin dalınca gedir. Bu oğru də eşşəyi
götürüb əkilir.
Yazıq Molla nə qədər ora-bura qaçırsa, keçidən bir əsər-əlamət
tapa bilmir. Kor-peşman qayıdıb görür ki,eşşək də yoxdu. Başa düşür
ki,bu da oğru imiş, onu aldadıb. Daha eşşəkdən də əlini üzüb düzəlir
yola. Az gəlir, çox gəlir, gəlib çıxır bir quyunun başına.Baxır ki,bir nəfər
burada oturub ağlayır. Soruşur:
– Nə olub? Niyə ağlayırsan?
Kişi deyir:
– Mən bir sonsuz, övladsız adamam. Özümün də yaxşı varımkarım
vardı. Fikirləşdim ki, köçüm gedim ömrümün qalanını böyük
şəhərlərdə işləyim. Odur ki, varımı-yoxumu satıb elədim qızıl, yığdım
bir torbaya, düşdüm yola. Bu quyunu burada qazanı görüm dərin
yatsın. Elə, bax, buraya çatanda ayağım ilişdi bu daşa, yıxıldım, torba
əlimdən düşdü quyuya. İndi qorxudan quyuya düşə bilmirəm. Qalmışam
başıma döyə-döyə.
Molla da bunun yanında əyləşib, səsini qatır onun səsinə, başlayır
ağlamağa. Kişi soruşur:
– Bəs sən niyə ağlayırsan?
Molla başına gələn əhvalatı danışır. Kişi deyir:
– Ağlamaqdan bir şey çıxmaz. Dur, şallarımızı bağlayaq biri-birinə,
mən səni sallayım bu quyuya. Mənim torbamı tapıb çıxarsan, sənə
o qədər qızıl verərəm ki, beş eşşək alarsan, bir sürü keçi.
Molla razılaşır. Şalları açıb bağlayırlar bir-birinin ucuna. Kişi deyir:
– Paltarını soyun! Yoxsa islanar, sonra evə gedib çatanacan soyuq
dəyər, azarlarsan.
Molla paltarını soyunur, lüt anadangəlmə şalı belinə bağlayıb
quyuya düşür. Kişiyə də elə bu lazım imiş. Yavaşca şalın ucunu
bağlayır daşa, Mollanın paltarlarını yığışdırıb əkilir.
Molla quyuda heç bir şey tapa bilmir. Nə qədər çağırırsa, səsinə
səs verən də olmur. Əlləşib-vuruşub birtəhər quyudan çıxır. Baxır ki,
lələ köçüb, yurdu boş. Paltarları da bu aparıb. Başa düşür ki, bu da oğru
imiş. Əlinə bir ağac alıb özünü qoruya-qoruya qaçmağa başlayır. Bu
dəfə də şəhərin hakimi öz adamları ilə onun qabağına çıxır. Molla
bunları görcək ağacı əlindən tullayır, uzanır, gözlərini də yumub qışqırır
ki:
– Gəlin, gəlin, mənəm. Səhərdən sizi gözləyirəm.
Hakim Mollanı tanıyır. Soruşur:
– Ay Molla, nə olub?
Molla deyir:
– Guya ki, bilmirsən nə olub?.. Özünü lotuluğa qoyma!.. Dostlarının
biri keçimi apardı, biri eşşəyimi apardı, biri paltarımı apardı. Bilirəm,
özün də gəlirsən ki, özümü oğurlayasan. Darıxma, gəl apar, yenə
də beş-on şahıya gedərəm.
Top