Deyirlər ki, Mola birinci dəfə kənddən şəhərə gələndə başına çox
qəribə əhvalatlar gəlir. Bu əhvalatlardan biri də belə olur:
Molla şəhərin qalalarını, bürclərini görüb heyran-heyran baxırmış.
Bunu görən məmurlardan biri Mollanı ələ salmaq məqsədilə yaxınlaşıb
ondan soruşur:
– Nə olub, a kişi!? Dəvə nalbəndə baxan kimi nə gözünü zilləyib
baxırsan?
Molla deyir:
– Vallah, mən kənd adamıyam. Şəhərə birinci dəfədi gəlirəm. Baxıram
ki, evlər, küçələr, bağlar, dükanlar, hər şey var. Özləri də çox
gözəldilər. Amma, bax, şəhərin ora-burasından göyə dikələn bu şeylər
nədi, başa düşə bilmirəm.
Məmur yaxındakı bürclərdən birini göstərib deyir:
– Niyə başa düşmürsən? Bunlar bizim şəhərin başının tükləridi,
belə dik-dik durublar.
Molla başa düşür ki, məmur onu ələ salır. Bir ona baxır, bir dönüb
bürcə baxır, bilmir nə desin. Elə bu dəqiqədə şəhər hakimi beş-on
adamla bürcün üstünə çıxıb ətrafa baxmağa başlayır. Molla məmura
deyir:
– Şəhərinizə sözüm yoxdu, amma belə ki mən görürəm, deyəsən
şəhərinizin başını təmiz saxlamırsınız.
Məmur soruşur:
– Niyə?
Molla hakimgili göstərib deyir:
– Bir bax, gör, bir tükün üstünə neçə bit dırmaşıb...
Top