Bir gün şəhər hakimi Mollanı çağırıb deyir:
– Orada-burada ağzına gələn hərzə-hədyanı danışıb bizi biabır
eləyirsən. Bunların hamısını sənə bağışlayıram. Amma gərək bunların
əvəzində bu gecə bir şeir yazıb, sabah məclisdə oxuyasan.
Molla nə qədər deyir ki, "mən şair deyiləm", – hakim qulaq asmır.
Molla bilir ki, hakimin məqsədi onu şairlər məclisində qızartmaqdı.
Gecəni oturub vəznsiz, qafiyəsiz, mənasız, tartan-partan bir şey qaralayır.
Səhər məclis yığılır. Məddah şairlərin hərəsi uzun bir qəsidə oxuyur.
Hər qəsidə üçün hakim xələtlər verir, pullar bağışlayır. Növbə
gəlib Molla Nəsrəddinə çatır. Molla heç özünü pozmadan qaraladığını
oxuyur. Hamı dodaq büzür, gülür, istehza eləyir. Molla qurtarır. Hakim
deyir:
– Çox gözəl yazıbsan. Elə doğrudan da öz adına layiqdi.
Sonra işarə eləyir.Fərraşlar bir eşşək palanı gətirirlər. Hakim deyir:
– Götür! Bu şerinə görə bu xələti də sənə hazırlatdırmışam.
Bütün məclis gülüşməyə başlayır. Molla heç halını pozmadan palanı
götürür, sonra hakimə baş əyib deyir:
– Görürəm ki, mənim əsərim sizin lap ürəyinizdən olub, hakim
ağa!
Hakim deyir:
– Elədi ki, var Molla! Bu gün burada oxunan əsərlər içərisində
hamısından çox səninki xoşuma gəldi.
Molla deyir:
– And içmə, inanıram. Əgər elə olmasaydı, özünün ən yaxşı paltarını
mənə bağışlamazdın ki...
Top