Molla Nəsrəddin şəhərdə hakim işlədiyi günlərin birində yanına
iki nəfər şikayətçi gəlir. Bunların arasında mübahisəli bir məsələ var
imiş. Molla birincisinin şikayətinə diqqətlə qulaq asır. Şikayətçi şikayətini
eləyib qurtardıqdan sonra Molladan soruşur:
– İndi özün bax, gör, mən haqlıyam, yoxsa yox.
Molla deyir:
– Sən haqlısan, bala.
Birinci şikayətçi oturur, ikinci başlayır. Danışıb, birinci şikayətçinin
başdan-ayağa yalan dediyini isbat eləməyə çalışır. Danışıb qurtarandan
sonra bu da soruşur:
– İndi gör mən haqlıyam, ya yox?
Molla deyir:
– Sən haqlısan, bala.
Mollanın oğlu da bu məclisdə imiş. Atasından bu cavabları eşidib
deyir:
– Ay ata, sən ki, şikayətçilərin ikisinə də "sən haqlısan" dedin.
Belə də iş olar?
Molla deyir:
– Sən də haqlısan, oğlum.
Oğlu:
– Onda bəs haqsız kim oldu?
Molla:
– Haqsız məni bu qulluğa qoyan axmaqdı ki, nə hır qanır, nə də zır.
Top