Deyirlər ki, Teymur Ləng bir müddət Mollanı şəhərə qazı təyin 
eləyir. Həmən günlərin birində Mollanın yanına iki nəfər şikayətçi 
gəlir. Şikayətçilərdən biri ikincini göstərib deyir: 
– Qazı ağa, bu adam mənim qulağımı dişlədi. 
İkinci şikayətçi qışqırıb and-aman eləyir ki: 
– Yalan deyir, mən dişləməmişəm, özü dişləyib. 
Molla qalır məəttəl ki, görəsən adam özü öz qulağını dişləyə bilər, 
ya yox? Fikirləşib-fikirləşib axırda deyir: 
– Gedin, yarım saatdan sonra gələrsiniz. 
Şikayətçilər gedirlər. Molla tez durub gedir evə. Girib otağa, qapını 
bağlayır ki, görsün özü öz qulağını dişləyə bilər, ya yox? Ha çalışır, 
dişləyə bilmir! Axırda bir dəfə də fırlananda elə yıxılır ki, başı-gözü 
yarılır. Durub yarasını bağlayır, ufuldaya-ufuldaya gəlir idarəsinə. 
Yarım saatdan sonra şikayətçilər də gəlirlər. Yenə də birinci şikayətçi 
deyir: 
– Qazı ağa, vallah, o mənim qulağımı dişlədi. 
İkinci şikayətçi də dad-fəryad eləyir ki: 
– Yalan deyir, özü dişləyib. 
Molla hirslənir ikinci şikayətçinin üstünə ki: 
– Gözlərinin içinə kimi yalan deyirsən. Əgər o özü öz qulağını dişləyibsə, 
bəs hanı, niyə başı-gözü yarılmayıb? Elə bircə bu sübut eləyir 
ki, sən onun qulağını dişləmisən.