Biri var imiş, biri yox imiş, bir padişahın bir oğlu, bir arvadı var imiş. Bir gün bu padişah oğlunu, vəzirini, vəkilini götürüb qoşun ilə şikara çıxır, xeyli av etdikdən sora bir gözəl çəməndə çadır qurub, burada oturaq edirlər.
Padişahın oğlu həya etdiyindən, öz çadırını bir kənarda qurur. Padişah oğlunu çox istədigindən, tez-tez onu yoxlarmış. Gənə də qalxıb oğlunu yoxlamağa gedir və gəlüb çadırə girdikdə, baxub görür ki, çadırın dalından bir qızıl ilan daxil olub oğlunu çalmaq üzrədür. Tez padişah başmağının bir tayını su ilə doldurub ilanın qabağına qoyur.
İlan su içib qayıdır. Padişah isə oğlunu oyadub:
– İstəkli oğlum! Qalx, burada yatma. Məsləhət dəgil, – deyib əhvalatı ona söylədi, oğlu ilə bərabər öz çadırına qayıtdı. Bir az qalıb, şəhərə getdilər. Bu əhvalatdan bir neçə gün sora, padişahın arvatı bərk naxoşluyur, oğlunu yanına çağırıb ona belə bir vəsiyyət edir:
– İstəkli oğlum! Bu xəstəlikdən mən qalxmıyacayam, öləcəyəm.


Mən ölənnən sora atan gedüb başqa arvat alacaq. Tazə aldığı arvat səni yola aparmıyacaqdur. Ağan ilə sənin aranda ziddilik düşəcək. Getgedə ziddilik artacaqdır. Atan qeyzə gəlib səni öldürmək istəyəcək. Atanı o məqama gəlməyə qoyma, baş götür bir müddət atayın vilayətindən çıx get. Yolda hər kəs ki, səninlə yoldaş oldu, çörəy yeyəndə sən öz çörəyivi ortaya qoy. Hərgah yoldaşın çörəyin çox hissəsini sənin qabağıva qoysa, onunla yoldaş ol. Yox, qabağıya qoymasa, onda ondan ayrıl, bir də yoldaşınla bir çayın kənarinə yetişsən, sən ona təklif et ki, gəl dalıma min, səni sudan keçirdim. Əgər o səni dalına alıb sudan keçirsə, onda onnan yoldaş ol. Yox sənin dalıva minsə onnan yoldaş olma. Tez ondan ayrıl. Bu sözləri söyləyib, ana bı vəsiyyətlərini tamam etdi.
Oğlan qalxıb anasının əlinnən öpüb otaxdan çıxdı. Bir neçə gündən sora padişahın arvatı ölür. Bir müddətdən sora padişah gedib bir arvat alır. Bu ara arvad nanəcib olduğundan oğlanı yola verməyib hər nə ilə mümkündürsə, atasilə bunun arasına bir ziddilik salmağa çalışırdı.
Odur ki, şahzadə anasının vəsiyyətinə əməl edüb, baş götürüb atasının vilayətindən çıxıb gedir. Oğlan bunnan haraya getdigini sorduqda, “başqa bir vilayətə”, deyib cavab verdi.
Mənim adım Taxta qılıncdır. Məni də özinlə bərabər götür deyib cavan oğlan şahzadədən rica elədi. Xülasə, yoldaş oldular, bir qədər yol gedənnən sora, bir yerdə oturub çörəyi yemək istiyirlər. Şahzadə bir çörəyi çıxardıb ortuya qoyur. Oğlan çörəyi kəsib çox hissəsini şahzadənin, az hissəsini öz qabağına qoyur. Oğlan görür ki, anasının vəsiyyət etdigi üzərə yoldaşlığa layıq bir oğlandı. Çörəy yeyib yola düşdülər. Yolda bir çaya yetişirlər. Şahzadə ona təklif edir ki, gəl dalıma min, səni sudan keçirdim. Oğlan şahzadəni dalına alıb sudan keçirdir yollarına davam edib gedirlər. Bir müddət gedəndən sora bir şəhərə yetişirlər, burada ev dutub mənzil edirlər. Ertəsi gün cavan oğlan padişahın oğluna deyir ki, qardaş, sən evdə otur, mən gedim qazanım gətirim bərabər yeyək. O gedib gündə qazanıb gətirir, bahəm yeyirlər. Bir gün belə, beş gün belə, axırda padişahın oğlu fikir edir ki, nə vaxta kimin bu oğlan qazanıb gətirəcək, mən də yeyib bekar oturayağam?
Mənim də iş görməyim lazımdır. Bu fikir ilə ayaqqabısını geyib evdən kənara çıxır. Küçələri dolanır. Bir vaqt baxub gördü ki, hündür bir imarətin pəncərəsindən gözəl bir qız baxır. Qızı görüb, ona aşıq oldu. Demə, bu imarət padişahın, qız da padişahın qızı imiş. Padişahın oğlu fikirli mənzilə qayıdır. Bir az keçir yoldaşı gəlir. Oğlan baxub görür ki, şahzadə çox beykefdi. Bundan səbəbini xəbər alır.
Şahzadə isə əhvalatı buna söyliyir. Oğlan gülüb deyir:
– Elə bundan ötürün beykef olmusan? Bu ki asand işdir, yəqin bir vəqtdə o qızı sənə alaram, – deyib onı sakit etdi.
Ertəsi gün oğlan gedib elçi daşının üstündə oturdu. Padişaha xəbər getdi ki, elçi gəlib. Həmən saat adam göndərdilər ki, gedin görün sözü nədür. Oğlan cavab verir:
– Padişahın qızını qardaşım üçün istiyirəm.
Padişah xəbər göndərir ki, hər kim mənim imarətim kimin bir imarət tikdirsə, qızımı ona verərəm. Oğlan qəbul eliyir. Ertəsi gün xəlq yuxudan oyananda baxub görirlər ki, padişahın evinin qabağında bir ev tikilip ki, padişahın evindən min dəfə gözəldür. Oğlan padişaha xəbər göndərir ki, ev hazırdı. Padişahın artıq diyəcək sözü olmayub qızı verir. Toy olur. Şahzadə qızın yanına getmək istiyəndə oğlan deyir:
– Qardaş, hələ dayan, qoy qabaxcan mən gedim gəlim, sora sən get.
Şahzadə qəbul eliyir. Oğlan qızın yanına gedüb bunun ağzından üfürür. Həmən saat qızın ağzından bir-birinin dalıncan on bir ilan çıxır. Hər birisi çıxdıqca istiyir ki, oğlanı vırsın, əmma oğlan zirəhlik edib bir-bir on birin də öldürür. Sora qulağını qızın ağzına qoyub gördü ki, bir ilan da qalıb. Xülasə, qayıdıb oğlanı qızın yanına göndərir. Demə ki, bunnan qabaxca qızı kimə verirlərmiş, əvvəlinci gecədə ilanın biri çıxıb oğlanı vurub öldürürmüş. Odu ki, padişah yəqin edirdi ki, bu oğlan da sabaha səlamət çıxmıyacaqdı.
Ertəsi gün sübh tezdən padişah bir adam göndərir ki, oğlannan bir xəbər gətirsin. Gəlib görirlər ki, salamat oturub qız ilə söhbət edir. Bu xəbəri padişaha aparanda padişah əmr edir ki, camahat üç gün şadyanlıq etsinlər.
Bir müddət burda qaldıqdan sora şahzadə öz vilayətlərinə qayıtmaq fikrinə düşür. Padişahdan rüsxət istiyir. Çox təkiddən sora padişahdan izn alır. Padişah bunlara çoxlı mal, qızıl-gümüş, dövlət verib yola salır, əmr edir ki, üç mənzil buları ötürsünlər.
Müxtəsər şahzadə oğlannan əvvəl görüşdükləri yerə gəlirlər. Burada oğlan şahzadəyə deyir:
– Qardaş, artıq ayrılmalıyıq, bu mal-dövləti də, qızı da bahəm qardaşlıqda gərək yarı bölək. Şahzadə razı olur hər şeyi bölürlər. Ancaq bölünməmiş bir dəvə, bir qatır, bir də padişahın qızı qalır. Oğlan deyir ki, buları yarı bölməliyik. Qılıncın çəküb əvvəl dəvəni, sora qatırı ortadan yarı bölüb, nobat qıza gəldikdə şahzadə nə qədər yalvarırsa, qızı yarı bölməsin, oğlan razı olmur. Axırda şahzadə təklif edir ki, cəmi dövlət onın olsun, ancaq qız bunun olsun. Oğlan gənə razı olmayır.
Sora şahzadə təklif edir ki, qızı bütöv götürsün. Gənə də oğlan razı olmur, qızı gətürüb bir ağaca səriyir. Qılıncı çəküb qaldırır və istiyir ki, qızın başın üzsün. Qız qorxusunnan qusur, ağzınnan axırmıncı ilan düşür. Bunnan sora oğlan qılıncı yerə qoyub şahzadəyə deyir:
– Mənə mal-dövlət, qız lazım deyil. Məqsədim həmən ilanı qızın ağzınnan çıxarmağ idi. Bu çığmasaydı bir gün çıxıb səni həlak edəcəydi.
İndi bu malı, dövləti qızı götürüb atovın yanına get, bir də məlumun olsun ki, mən insan deyiləm. Mən həmən ilanam ki, aton yaxşılıq edüb başmaq tayında su vermişdi. İndi mən yaxşılıq borcından çıxdım. Artıq xudahafiz.
Bunu deyib oğlan bir ilan olur, bir deşiyə girib gözdən itir. Bunnan sora şahzadə atasının vilayətinə dəlir. Atası oğlunun gəlmək xəbərini eşidüb pişvaza çıxıb cah-cəlal ilə şəhərə gətirir. Bulara təzədən toy eliyir. Onlar yeyib-içib yerə keçib, biz də yeyəy-içək, dövrə keçək.
Göydən üç alma düşdü, biri mənim, biri nağıl diyənin, biri də dinliyənin.

Top