Belə rəvayət eləyirlər ki, bir şəhərdə bir padşah var idi. Bu padşahın üç oğlu, bir də qardaşı var idi. Günlərin bir günündə padşah ömrünü bağışladı oğlanlarına. Üç qardaş qaldı yetim. Padşah öləndə vəsiyyət elədi qardaşına ki, bəs qızını verərsən mənim oğlum Məlikməmmədə.
Bəli, aradan bir neçə müddət keçəndən sonra Məlikməmməd əmisinin yanına gedib dedi:
– Əmi, atamın vəsiyyətinə əməl elə, qızını mənə ver.

Padşah bu sözü eşidən kimi əmr elədi ki, bu saat bunların üçünü də şəhərdən çıxartsınlar. Məlikməmməd qardaşlarını götürüb bir şəhərə çatdı. Onlar bir adamın yanında mehtər oldular. Bir az mehtərlik edəndən sonra Məlikməmməd qardaşlarına dedi:
– Mən bu şəhərdə qalmıram, gedirəm. Siz də istəyirsiniz gedək.
Hər üç qardaş öz haqq-hesablarını alıb şəhərdən çıxdılar. Bir müddət yol gedib bir şəhərə çatdılar. Gördülər ki, burda çox sənət yoxdur. Durdular ot biçməyə. Payıza yaxın idi, bunlar otdan bir taya qurmuşdular. Bir gün Məlikməmməd çölə gedib gördü ki, ot tayasını atlar dağıdıb, qayıtdı qardaşlarının yanına dedi:
– Ot tayasını atlar dağıdır. Gərək hər gecə birimiz qarovula gedək.
Növbə düşdü böyük qardaşa. Böyük qardaş getdi. Gecəni yatdı, səhər durub gördü ki, tayanı genə dağıdıblar. Sabahısı ortancıl qardaş getdi, yenə yuxuya gedib yatdı. Səhər durub gördü ki, atlar otu dağıdıb.
Eşit Məlikməmməddən. Məlikməmməd qardaşlarına dedi:
– Bu gecə mən gedirəm.
Axşam oldu, Məlikməmməd başdan geyinib, ayaqdan qıfıllandı, ayaqdan geyinib, başdan qıfıllandı, bir tor götürüb yol elədi tayanın yanına. Özünə tayanın yanında yer düzəltdi, oturdu. Amma gecədən bir qədər keçəndən sonra Məlikməmmədin gözünə yuxu gəldi, odur ki, barmağını kəsib duz basdı. Beləliklə, barmağının göynəməsindən sübhə kimi yata bilmədi. Sübh hələ açılmamışdı, dəryadan bir dəstə at çıxdı, tayaya tərəf gəlib otu yeməyə başladılar. Məlikməmməd tor atdı, atlardan üçünü tutub gizlətdi. Gündə gedərdi fəhləlik edib, atları saxlardı. Bir gün qardaşlarına dedi:
– Gəlin gedək bu şəhərdən başqa vilayətə.
Qardaşları dedilər:
– Bəs piyada necə gedək? Atımız yox, hara gedə bilərik?
Məlikməmməd tövləyə girib atları açdı. Böyük atı böyük qardaşına, ortancılını ortancıla verdi, bir yaş kiçik atı da özü minib şəhərdən çıxdılar. Bəli, üç qardaş az gedib, çox gedib, iynə yarım yol getdilər.
Birdən qabaqlarına üç yol çıxdı. Məlikməmməd atı saxladı, qardaşlarına dedi:
– Qardaşlar, siz bu yol ilə gedin, mən gedər-gəlməz yola gedirəm.
Qardaşları razı olmayıb dedilər:
– Biz də bu yol ilə gedirik.
Üç qardaş üz qoydular gedər-gəlməz yola. Bir qalaçaya çatdılar.
Məlikməmmədin qabağına bir qarı çıxıb dedi:
– Xoş gəlmisən, ey Məlikməmməd!
Məlikməmməd qoca qarının salamını aldı. Atdan düşdülər. Qarı atları tövləyə çəkib yem verdi, sonra gəlib Məlikməmmədin bərabərinə dedi:
– Qorxma, atlarınızı rahat elədim, oturun.
Üç qardaş oturdular. Amma Məlikməmmədin yarı canı atın yanında idi. Durub tövləyə endi. Bir də gördü ki, çil at yem yemir. Məlikməmməd dedi:
– Ey heyvan, nə oldu sənə?
Çil at dil açıb Məlikməmmədə dedi:
– Ey mənim sahibim Məlikməmməd! Bil və agah ol, bu qarı bu gecə üçünüzü də öldürəcək.
Məlikməmməd Çil ata dedi:
– Bəs necə edək?
At dedi:
– Ey Məlikməmməd, bu gecə qarı qızlarını yollayacaq sizin yanınıza, amma siz qızları o qədər incidərsiniz ki, yorulub yatsınlar. Sonra da qızların örpəyini götürərsiniz, öz papaqlarınızı qoyarsınız qarının qızlarının başına. Qarı gələcək, bu səfər sizin yerinizə onları öldürəcək.
Məlikməmməd gəlib qardaşlarını başa saldı. Yatmaq zamanı qarı qızlarını yolladı onların yanına. Çil at necə ki, Məlikməmmədə demişdi, qardaşlar qızları o ki var incitdilər, axırda qızlar bərk yuxuya getdilər.
Qardaşlar o saat qızların örpəklərini götürdülər.
Qızlar yatmaqda olsun, eşit qarıdan.
Sübh namazında qarı qılıncı əlinə alıb, oğlanların otağına gəldi, qızlarını oğlanlar hesab edib başlarını kəsdi, yenə qayıtdı. Məlikməmməd durub qardaşlarını oyatdı, atlarına minib yola düşdülər. Bunlar qaçmaqda olsunlar, sənə xəbər verim Çil atdan. Çil at göy üzü ilə gedirdi.
Birdən dil açıb dedi:
– Ey Məlikməmməd, bir dala bax.
Məlikməmməd dala baxıb gördü ki, qarı əlində siyirmə qılınc budu gəlir. Çil at dedi:
– Nə gördün?
Məlikməmməd dedi:
– Budu, qarı əlində qılınc gəlir.
Çil at dedi:
– Ey Məlikməmməd, elə bir qırmanc vur mənə ki, anadan əmdiyim süd burnumdan gəlsin.
Məlikməmməd ata bir qırmanc vurdu. Çil at özün bir şəhərin qırağına yetişdirdi.
Məlikməmməd qardaşları ilə şəhərə girib padşahın yanında mehtər durdular. Məlikməmmədin atları çox kökəlmişdi. Hamı onun xatirini istəyirdi. Onun üçün də qardaşları buna paxıllıq edirdilər. Qardaşlar bu qərara gəldilər ki, Məlikməmmədin başını batırıb, özləri ad qazansınlar.
Bir gün onlar padşahın yanına gəlib dedilər:
– Bəs Məlikməmməd atları qırdı acından.
Padşah qəzəbnak oldu, özü tövləyə girdi, gördü ki, Məlikməmmədin atları kişmiş kimidi. Padşah Məlikməmmədin qardaşlarına dedi:
– Bəs siz deyirsiniz ki, Məlikməmməd atları ac saxlayır? Atlar hamısı kökdür.
Böyük qardaş dedi:
– O, belə bicdir ki, Günün batmasından, çıxmasından loğman xəbər gətirə bilmir, amma o bilir.
Padşah bu sözü eşidən kimi Məlikməmmədi çağırıb dedi:
– Ey oğlan, gərək mənim üçün Gündən xəbər gətirəsən, görüm, filan gün nə üçün tutulub.
Məlikməmməd Çil atın yanına gəldi, hekayəti ona nağıl elədi. Çil at dedi:
– Elə bunun üçün fikir eləyirsən? Get bu saat padşahdan bir kağız al ki, o səni zülm ilə yollayır Gündən xəbər gətirəsən.
Məlikməmməd padşahdan kağız aldı, gəlib Çil atı mindi. Çil at göyə çəkildi, ta ki, Məlikməmmədi aparıb bir dərya qırağında qoydu.
Çil at Məlikməmmədə dedi:
– Ey Məlikməmməd, padşahdan aldığın kağızı götürüb gedərsən o qalaçaya. Günün anası ordadı. Kağızı Günün anasına verərsən, o sənə nə lazımdı deyər.
Məlikməmməd ondan ayrılıb qalaçaya çatdı. Günün anasını tapıb kağızı verdi. Günün anası kağızı oxudu, gördü ki, padşah bunu zülm ilə yollayıb. Günün anası Məlikməmmədə dedi:
– Sən gizlən, Gün indi gələr, xəbər allam, sən də eşidərsən. Məlikməmməd gizləndi, Gün gəldi, Günün anası Gündən xəbər alıb dedi:
– Filan gün nə üçün tutulmuşdun?
Gün anasına dedi:
– Ey mənim anam, günlərin bir günündə pərilər padşahının qızı seyrə çıxmışdı, mən onun göyçəkliyindən utanıb öz üzümü gizləmişdim.
Çünki o mənim gözəlliyimi batil eləyirdi.
Məlikməmməd bu sözü eşidib, atına mindi. Üz qoydu qardaşları olan şəhərə, gəlib çatdı qardaşlarının yanına. Məlikməmməd gəlib padşaha baş əydi, Günün tutulması səbəbini nağıl elədi, dedi:
– Gün filan gün çıxanda pərilər padşahının qızı öz qırx qarabaşlarıynan seyrə çıxmışdı. Pərilər padşahının göyçəkliyindən Gün utanıb tutulmuşdu.
Padşah dedi:
– Gərək mənim üçün pərilər padşahının qızını gətirəsən, gətirməsən boynunu vurduracağam.
Məlikməmməd atın yanına gəldi, atına dedi:
– Padşah indi də pərilər padşahının qızını istəyir.
At dedi:
– Məlikməmməd, sən get padşaha de, sənə bir padşahyana çadır, bir neçə zərli mütəkkə versin.
Məlikməmməd gəldi padşahın yanına, padşahdan bir neçə mütəkkə və bir çadır istədi. Padşah əmr elədi ki, Məlikməmmədə bir çadır, bir neçə mütəkkə versinlər. Məlikməmməd bunları alıb gəldi atın yanına. At soruşdu:
– Aldın?
Məlikməmməd dedi:
– Aldım.
Məlikməmməd atına mindi. Çil at qalxdı havaya, gedib düşdü bir çəmənlikdə. Çil at Məlikməmmədə dedi:
– Ey Məlikməmməd, get qur çadırı, sonra gəl bura.
Məlikməmməd çadırı qurdu, gəldi atın yanına. Çil at dedi:
– Ey Məlikməmməd, bu saat pərilər padşahının qızı gələr, çadıra girər, qarabaşlarını qovub özü yatar. Onda sən qızı götürüb qaçarsan.
Məlikməmməd gizləndi. Bir də gördü ki, pərilər padşahının qızı gəldi. Çadıra girdi, öz qarabaşlarına dedi:
– Ey qızlar, mən üç küpün yuxusuna gedirəm, siz gedin.
Pərilər padşahının qızı üç günün yuxusuna gedən kimi Məlikməmməd qızı götürüb qaçdı.
Şəhərin qırağında Pəri xanım oyandı. Yanında Məlikməmmədi görüb dedi:
– Ey oğlan, məni hara aparırsan?
Məlikməmməd dedi:
– Səni padşahın yanına aparıram.
Pəri xanım dedi:
– Get, padşaha de ki, mənə elçi göndərsin.
Məlikməmməd padşaha xəbərə getdi. O, qıza elçi göndərdi. Pəri xanım elçilərə dedi:
– Padşah gərək iki çarhovuz dərya atı südü tapsın, o da çimsin, mən də. Onda o da olar cavan. Əgər tapmasa mən ona getmərəm.
Xəbər getdi çatdı padşaha ki, bəs Pəri xanım belə deyir. Padşah Məlikməmmədi çağırtdırdı, dedi:
– Gərək qırx tuluq dərya atı südü tapasan.
Məlikməmməd Çil atın yanına gəlib dedi:
– Ey mənim atım, padşah məndən at südü istəyir.
Çil at dedi:
– Ey Məlikməmməd, qorxma. Sən padşaha de ki, qoy, hovuzları tiksin, sonra sənin işin yoxdu. O mənim işimdi.
Məlikməmməd padşaha dedi:
– İki dənə hovuz hazırla.
Padşah hovuzu hazır elədi. Gecəni yatdılar, səhər durub gördülər ki, hovuzlar ikisi də at südü ilə doludu. Məlikməmməd padşaha xəbər yolladı ki, bəs hovuz hazırdı, gəlsin çimsin. Padşah gəldi, soyundu.
Pəri xanım Məlikməmmədə bir ovuc torpaq verib dedi:
– Bu torpağı atarsan padşah olan hovuza, sonra özün də o birisində çimərsən. Bu birisində çiməndə padşah olar torpaq. Sonra səni
camaat padşah eylər, mən də sənə gedərəm.
Məlikməmməd hovuzların qırağına gəldi, yavaşca soyundu, əvvəl torpağı atdı padşah olan hovuza, padşah oldu torpaq. Sonra özü o birisi hovuza girdi, oldu bir cavan oğlan. Qırx gün, qırx gecə toy elədi, Pəri xanımı aldı. Məlikməmməd qardaşlarının xainliyini Pəri xanımdan eşitdi.
Onların ikisinin də boynunu vurdurdu, özü də padşahın yerində oturdu.

Top