Günlərin bir günündə, əyyami-qədimdə, biri vardı, biri yoxdu, bir padşah vardı. Bir gün padşahın arvadı öldü. Ölən arvaddan padşahın İbrahim adlı bir oğlu qaldı. Padşahın ikinci arvadından da bir oğlan oldu. Padşah bunları qoydu dərsə. Bir müddət dərsə gedib gələndən sonra padşah bir gün İbrahim üçün şərbət payladı və əmr verdi ki, ilxıdakı atlarını yoxsul adamlara paylasınlar.
İbrahim dərsdən gəlirdi, bir də gördü ki, bir qoca əkinçi yedəyində bir zil qara day aparır. İbrahim qocanı saxladı, dedi:
– Hardan gəlirsən?

Qoca dedi:
– Padşah sağ olsun, oğlu İbrahimin dərs qurtarması şirinliyinə ilxı atlarını yoxsullara peşkəş verir. Mən də muncağazı tutdum.
İbrahim dedi:
– Qoca, bu day sənə əl verməz. Sən gəl, dayı mənə ver, mən də onun əvəzində sənə bir yaxşı atın pulunu verim.
Qocanı İbrahim razı saldı. Qoca atın pulun alıb dua eləyə-eləyə getdi. İbrahim dayı tumarlayıb yedəyinə aldı, atasından bixəbər bir tövlə tikdirdi. Bir neçə gün at bir şey yemədi. İbrahim bir gün əlində şirni yeyirdi. Qara at şirnini görən kimi kişnəməyə başladı. İbrahim şirnini ata uzatdı. At yedi. Bundan sonra İbrahim ata hər gün kişmiş verirdi.
Bir gün İbrahimin ögey anası gördü ki, padşah İbrahimi başqa oğlanlarından artıq istəyir, dedi:
– Mən necə edim ki, İbrahimin başını batırım, yoxsa padşah öləndən sonra, yəqinimdi ki, padşahlıq qalacaq İbrahimə.
Ögey ana getdi aşpazın yanına, dedi:
– İbrahimin xörəyinə bu zəhəri səpərsən, əgər bu sözü bir adama desən, boynuvu vurduraram.
Günorta İbrahim dərsdən gəldi. Xörək hazırdı. İbrahim xörəyi yeməmişdən qabaq atına baş çəkdi. At ağlamağa və ayağını yerə döyməyə başladı. İbrahim dedi:
– Ay heyvan, nə var?
At dilə gəlib dedi:
– İbrahim, sənin ögey anan xörəyüvə zəhər töküb. Amandı, yemə, get o xörəyi gətir bura.
İbrahim evə girdi, xörəyi götürüb atın yanına gəldi.
İbrahim xörəyi gizlətdi. Ögey ana bir saat, iki saat gözətdədi, İbrahim ölmədi. Aşpazın üstə gedib dedi:
– Oğlan, məgər xörəyə zəhər qatmadın?
Aşpaz dedi:
– Qatdım.
Ögey ana dedi:
– Sabah İbrahimə naharı özüm verəcəyəm.
O biri günorta İbrahim dərsdən gəldi. Bu səfər zəhəri şərbətin içinə tökdülər.
At İbrahimə dedi:
– Xörəyi yeyərsən, şərbəti içməzsən.
İbrahim xörəyi yedi, şərbətdən içmədi. İbrahimin analığı od götürdü, dedi:
– Ay aman, bu necə sirdi? Hər nə var, o qara atdadı. Onu gərək rədd etdirəm.
Bir həkim çağırtdırdı, həkimə dedi:
– Bax, boynuvu vurduraram, bu sirri açsan. Mən əndamıma zəfəran çəkəcəyəm, sən də padşaha xəbər yollarsan ki, gərək bunun əndamına zil qara atın dərisi çəkilə, bu sarılıqdı.
Həkim canının qorxusundan bir söz demədi, arvad söylədiyi naxoşluğu padşaha söyləyib dedi:
– Arvadın xəstəliyi sarılıqdı, gərək qara atın dərisi əndamına çəkilə.
Padşah əmr etdi ki, gedin ilxıdakı atlarıma baxın.
Bəli, gedib axtardılar, ilxıdan qara at tapmadılar.
Vəzir dedi:
– Padşah sağ olsun, oğluvun tövləsində bir zil qara day var.
Padşah dedi:
– Bu saat oğlumu çağırtdırın.
İbrahim gəldi, baş əyib oturdu.
Padşah dedi:
– Oğlum, anan sarılıq gətirib, gərək qara atını kəsdirəsən, dərisi ona çəkilə.
İbrahim dedi:
– Yaxşı, sözüm yoxdu. Amma mən ata heç minməmişəm, gərək babam şah Mirzədən qalan yəhəri xəzinədən verəsən, qoyam atın belinə, bir cövlan vuram, sonra verəm kəsəsiniz.
Padşah razı oldu, əmr verdi ki, xəzinəni açıb İbrahimə nə istəyir versinlər. İbrahim yəhəri atın belinə qoydu, qılıncını bağladı, atını mindi. Zəhərli xörək ilə şərbəti ki, saxlamışdı, padşah üçün yolladı və bərkdən dedi:
– Sənin arvadın naxoş deyil. O, mənim xörəyimə zəhər tökmüşdü.
Al, bu da zəhərli xörək.
Sözün tamama yetirib ata hərəkət verdi. Qara at qanad açıb yelə döndü. Padşah əmr verdi ki, qapıları bağlasınlar, İbrahimi şəhərdən buraxmasınlar. Fərraşlar qapını bağlayınca İbrahim şəhərdən çıxıb getməkdə oldu. Padşah hərəmxanaya keçdi, azarlı arvadının yanına xidmətçiləri çağırdı, əmr etdi ki, su gətirsinlər. Sonra padşah dedi:
– Bunun qolunu yuyun.
Xidmətçilər azarlının qolunu yudular, zəfəran su ilə getdi.
Padşah güldü. Əmr etdi ki, arvadı ilə həkimin boynunu vursunlar.
O biri tərəfdən İbrahim bir xeyli getdi, bir çinar ağacının dibində atını bağladı. İbrahim gördü ki, bir əjdaha Zümrüd quşunun balalarını yemək istəyir. İbrahim qılıncnan əjdahanı iki böldü.
Əjdahanın ətindən quşun balalarına yem verdi, özü də ağacın dibində yatdı. Bu zaman Zümrüd quşu gəldi, İbrahimi yatmış görüb dedi:
– Aha, mənim hər il balalarımı yeyən budu.
Yerdən bir daş götürdü, istədi İbrahimin başına salsın. Zümrüdün balaları çığırdılar və analarına dedilər:
– Ay aman, onu öldürmə, o əjdahanı öldürdü, ətin də bizə verdi.
Zümrüd quşu daşı atdı. İbrahim yuxudan ayıldı. Zümrüd quşu dedi:
– Al, balalarımın birini sənə verim, sən onları ölümdən qurtarıbsan.
At dil açıb dedi:
– Al!
İbrahim Zümrüd quşunu aldı, atına mindi, başladı getməyə. Düz getdi, dərə keçdi, bir meşəyə çatdı. Bir də gördü ki, bir zarıltı gəlir.
Zarıltıya tərəf getdi, bir də gördü ki, bir pələngdi, ayağına ağac batıb, naləsi ərşə çıxıb. İbrahim atdan düşdü, pələngin ayağından ağacı
çəkdi, əsgi ilə bərk bağladı, pələng də qoşuldu İbrahimə. İndi İbrahim, Zümrüd, pələng yol elədilər, bir şəhərə çatdılar. İbrahim gördü çox qoşun var, xəbər aldı:
– Bu qoşun bura niyə yığılıb?
Dedilər:
– Qeyri padşah bizim bu padşahdan ya yeddi ilin bac xəracın, ya da padşahın gözəl qızı olan Xurşidi-aləmi istəyir.
İbrahim şəhərin qırağında durdu. Qara at dedi:
– İbrahim, sən get şəhərə. Elə ki biz sənə gərək olduq, al, bu tükümdən yandırarsan, biz gəlib çıxarıq, İbrahim şəhərə girdi, qabağına bir qarı çıxdı. İbrahim qarıya dedi:
– Qonaq saxlarsanmı?
Qarı dedi:
– Kül başıva, sən nə hayda, mən nə hayda? Padşahın qızını aparmağa gəliblər.
İbrahim dedi:
– Az danış, al bu pulu, get mənə düyü al, aş bişir.
Qarı hıqqana-hıqqana getdi, düyü aldı, aş bişirdi.
İbrahim xörəyi yedi. Tükü yandırdı, qarıya dedi:
– Al, bu qızıl da sənin olsun. Mən yatıram, sən get!
Qarı getdi, o saat, pələng və zümrüd quşu hazır oldu. İbrahim qara ata minib qoşuna həmlə etdi, dalı oturtdu. İki-üç zərbədə qoşunu yer ilə yeksan etdi.
Padşaha xəbər getdi ki, padşah sağ olsun, bir qara atlı oğlan düşməni qırıb leş-leşə çatdı.
Padşah əmr verib, atlını çağırtdırdı. İbrahimi axtardılar, amma tapa bilmədilər. Qoca qarı padşaha dedi:
– Padşah sağ olsun, mənim evimdə bir qərib var, bəlkə elə odu?
Çünki həmişə evə gələndə əl-qolu qanlı gəlir.
Padşah əmr verdi ki, qarının qonağını çağırsınlar. İbrahimi gəlib apardılar. Padşah üzün İbrahimə tutdu, xoş sifətlə dedi:
– Xoş gəlmisən, oğlan, otur.
İbrahim oturdu.
Padşah bildi ki, qoşunu qıran budu, dedi:
– Gəl sən qal barigahda, mən qızımı sənə verim.
Pərdə quruldu, Xurşidi-aləm gəldi pərdənin dalında durdu, dedi:
– Ata, bu oğlanı tanıyırsan? Bu Şenqar padşahının oğludu.
Bəli, bu padşah yeddi gün, yeddi gecə toy elədi, qızı Xurşidi-aləmi
verdi İbrahimə. İbrahim Xurşidi-aləmi götürüb çoxlu qızıl və qoşunla atasının vilayətinə gəldi.

Top