Biri varıymış, biri yoxuymuş, Allah varıymış, şəriki yoxuymuş, bir qarının bir keçəl nəvəsi varıymış. Bunlar çox kasıblıxnan dolanırlarmış. Qarı hər gün bir kələf ip əyirib verirmiş nəvəsinə ki, aparıb bazarda satıb soğannan çörək alsın. Yenə bir gün qarı bir kələf ip əyirib verdi keçələ ki, satıb çörək alsın. Keçəl kələfi götürüb gəldi bazara. Gördü yolun ortasında bir hay-küy var ki, gəl görəsən, adamlar bir-birinə qarışıb, hərənin əlində bir yekə dəyənək bir iti döyürlər. Yazıx it gah ora qaçır, gah bura, heç kim ona qahmar çıxmır. Elə qalıb zingildəyə-zingildəyə.

Keçəlin ürəyi yumşaldı, itə yazığı gəldi, irəli durub dedi:
– Ay camaat, bu Allahın heyvanı sizə neyləyib ki, onu döyüb öldürürsünüz? İti öldürməynən əlinizə nə gələcək, alın bu kələfi sizə verim, o iti verin mənə. Adamlar ipi alıb, iti verdilər keçələ. Keçəl iti götürüb qayıtdı evlərinə.
Qapıdan içəri girəndə anası gördü ki, keçəl əli boş, yanında da bir it küçüyü gətirib, odu ki, dedi:
– Ay oğul, bəs çörək almadın?
Keçəl dedi:
– Ay nənə, yolda gördüm ki, bu iti döyüb öldürürlər, yazığım gəldi, kələfi verib bu iti aldım.
Arvad gördü ki, çərən-pərən eləməynən heç nə çıxmıyacaq, əlacı kəsilib bir söz demədi. Bir az acığı soyuyannan sonra yenə bir kələf ip əyirib verdi keçələ, özü də bərk-bərk tapşırdı ki, bu dəfə də çörəksiz qayıtsan vay halına. Bəli, keçəl dinməz-söyləməz kələfi götürüb getdi bazara. İndi də gördü ki, bazarda bir pişiyi döyürlər. İrəli durub adamlardan soruşdu ki, bu yazıq pişiyin taqsırı nədi ki, onu döyürlər? Dedilər ki, qəssab tükənindən ət oğurlayıb, odu ki, döyürlər. Keçəl dedi:
– Ə, ac olsanız elə siz də oğurlayarsınız da, alın bu ipi verim sizə, o pişiyi verin mənə.
Adamlar ipi alıb pişiyi verdilər keçələ. Keçəl indi də pişiyi götürüb gəldi evlərinə. Qarı gördü ki, keçəl gəlir, amma qucağında çörək əvəzinə bir pişik gətirir. Qarı ağzın açıb gözün yumdu, gözün açıb ağzın yumdu, əlinə keçən daşı, kəsəyi keçəlin təpəsinə vurdu ki, əyə, acınnan ölürük, yeməyə bir tikə çörək tapmırıq, hələ gedib it-pişik də gətirirsən. Keçəl gördü ki, anası düz deyir, and içdi ki, bu dəfə da heç nə almıyacam. Qarı deyinə-deyinə bir kələf də ip əyirib verdi keçələ, özünə də tapşırdı ki, əgər bu dəfə də əliboş qayıtsan, evə gəlmə. Keçəl kələfi götürüb bazara getdi, satıb çörək aldı, evlərinə qayıtdı. Axşam çörəklərini yeyib, bir az da it-pişiyə verib yatdılar. Keçəl gecə yatanda fikirləşirdi ki, yaxşı, mən bu itnən-pişiyi ki, gətirmişəm, özümüz yeməyə çörək tapmırıq, onlara nə verəcəm. Birdən ağlına gəldi ki, sabah itnən pişiyi də götürüb meşəyə apararam, bəlkə orda tülküdən, çaqqaldan, ətdən-mətdən bir şey tapıb yedilər. Bu fikirnən keçəl yatdı, səhər nənəsinə deyib itnən pişiyi də özüynən apardı. Bunlar o qədər yol getdilər ki, lap yoruldular. Çıxdılar bir hündür dağın başına. Keçəl gördü ki, bir mağaranın qabağında üç div1 var, vallah bunlar bir bədheybət divdilər, adam baxanda az qalır bağrı çatlasın; qulaxları lavaş boyda, dişləri fil dişi boyda, nəfəs alanda burunları dəmirçi körüyü kimi qalxır-düşür. Dırnaxları kotan kimi, özü də bir-birinin quyruğundan, buynuzundan yapışıb dalaşırlar. Keçəl bunları görən kimi istədi qaçsın, birdən it hürdü, divlər səs eşidib tez keçəli tutdular. Keçəl qorxusundan bilmədi neyləsin. Yeddi başlı div dedi:
– Ey bəni insan, qorxma, bizim şərtimizi kəs, sənnən işimiz olmasın.
Keçəl dedi:
– Nə üstdə dava eləyirsiniz?
Üç başlı div dedi:
– Biz üç div iki qiymətli şey tapmışıq, biri həzrət Süleymanın xalçası, biri də üzüyüdü. Xalçanın üstündə oturub desən ki, məni həzrət Süleymanın eşqinə filan yerə apar, o saat aparacaq, üzükdən də nə dilək istəsən hazır olacaq. Bu iki şeyi üç divin arasında bölə bilmirik.
Keçəl fikirləşdi ki, bu divlərin əlindən qurtarmaq üçün bir yaxşı fənd işlətsin. Odu ki, dedi:
– Ay div qardaşlar, siz o şeyləri qoyun mənim yanımda. Mən bu dağın başından uzağa bir daş atım, siz üçünüz də gedin o daşın dalıncan, kim daşı tez gətirsə xalça onun, üzük ikinci gələnin, kim lap axırda gəlsə, daha öz baxtından küssün.
Divlər ürəklərində fikirləşdilər ki, üçüncü gələn elə bu keçəli həzm rabedən keçirər.
Bəli, keçəl bir yekə daşı dağ aşağı yumarladı, daş təpəsi aşağı elə gedirdi ki, ildırım kimi. Divlər də daşın dalınca qaçırdılar. Elə divlər bir az aralanan kimi keçəl üzüyü barmağına taxıb, itiynən pişiyini də xalçanın üstünə oturdub dedi:
– Ey xalça, həzrət Süleyman eşqinə bizi apar düz evimizə.
O saat xalça göyə qalxıb bunları apardı. Keçəl göydən baxıb gördü ki, dəryanın qırağıynan gedirlər. Yadına düşdü ki, itnən pişik də acdı, evdə anasının da yeməyə heç nəyi yoxdu. Öz-özünə dedi: Elə bu dəryanın qırağında yerə düşüb bir az balıxdan-zaddan tutsam yaxşı olar. Bu fikirnən dəryanın qırağında xalçaya dedi:
– Ey xalça, həzrət Süleyman eşqinə bizi burda endir yerə, bir az balıx tutax.
Xalça o saat bunları yerə endirdi. Keçəl üzüyü barmağından çıxardıb dedi:
– Ey üzük, həzrət Süleyman eşqinə bizə bir-iki balıx yetir.
Söz keçəlin ağzınnan çıxan kimi o saat gördülər ki, bir yekə ana balıx sudan iki balasını çıxardıb dedi:
– Alın, ikicə balam var, onu da sizə peşkəş verirəm.
Keçəl balıxları alıb, bir az çır-çırpı yığıb, bir yaxşı ocaq çatdı. Balığın birini kabab bişirdi. İtnən pişiyə də verəndə onlar yemədilər. Keçəl nə qədər elədisə yemədilər. Axırda keçəl dedi ki, ay Allahın heyvanları, niyə naşükürlük eləyirsiniz, yeyin də. Birdən it dilə gəlib dedi:
– Ey keçəl qardaş, biz naşükür deyilik, bizim insafımız götürmür ki, onu yeyək. O ana balığın cəmi iki balası vardı, onların ikisini də sənə peşkəş eləyəndə, gərək sən insafa gəlib balasının birini özünə qaytaraydın. Amma sən bunu eləmədin. Odu ki, bunun altını çəkəcəksən.
Balığın gözü balalarının dalınca qalmışdı, odu ki, yemədik. Bu söhbətdən sonra keçəl gördü ki, səhv eləyib. Durdu dəryanın qırağında əllərini yumağa, bir-iki ovuc su götürüb əllərini oxalayırdı ki, birdən üzük barmağından sürüşüb düşdü dəryaya, nə qədər axtardısa tapa bilmədi. Axırda kor-peşman evlərinə qayıtdı. Evləri lap yaxındaydı deyin, bu dəfə heç xalçaya da minmədi, büküb qoltuğuna vurdu, başladı getməyə, itnən pişik də bu işə peşman olmuşdular. Odu ki, dedilər:
– Ay qardaş, sən get, biz bir az buralarda hərlənək, görək üzüyü tapa bilərikmi?
Keçəl gəldi evlərinə, itnən pişik qaldılar dəryanın qırağında. Birdə gördülər ki, bir qoca balıxçı gəlib torunu atıb dəryaya, başladı balıx tutmağa. Qocanın toruna bir yekə balıx düşdü, ha çəkdisə gücü çatmadı. İt dişiynən toru tutub çəkdi, qocaya kömək elədi. Toru bir təhər kənara çıxardılar, içindən bir yekə balıx çıxdı. Qoca fikirləşdi ki, bu itnən pişik buna kömək elədilər. Odu ki, balığın qarnını yarıb içalatını itnən pişiyin qabağına atdı ki, yazıxdılar, acdılar, yeyib doysunnar. İtnən pişik leşin içini axdarıb üzüyü ordan tapdılar. Sevinə-sevinə aparıb keçələ verdilər. Keçəl üzüyü alıb itnən pişiyin başını sığalladı, onlara çoxlu yemək verib razılıq elədi. Keçəlin keyfi kökəldi, nənəsinə dedi:
– Nənə, de görüm dünyada ən gözəl qız kimdi?
Qarı dedi:
– A bala, neyləyirsən kimdi?
Keçəl dedi:
– Alıb özümə arvad eləyəcəm.
Nənəsi dedi:
– A bala, kirimişcə otur yerində, sən bir keçəlin biri, yatmağa heç yorğan-döşəyin də yoxdu, elə gözəl qızlar padşahlarda olur, onu da ki, sənə verməzdər.
Keçəl dedi:
– Sənin oralarnan işin olmasın, sən de görüm, gözəl qız kimin qızıdı?
Arvad dedi:
– Oğul, mən eşitmişəm ki, ən gözəl qız Hindistan padşahının kiçik qızıdı, amma onun da nişannısı var.
Keçəl dedi:
– Eybi yoxdu, mən o qızı alıb gətirəcəm.
Səhər keçəl durub üzüyü dilinin altına qoyub dedi:
– Üzük, həzrət Süleyman eşqinə sənnən bir imarət istəyirəm bir kərpici qızıldan, bir kərpici gümüşdən Özü də o qədər hündür olsun ki, başı bulutdan, binəsi yerdən nəm çəksin.
O saat bir də gördü ki, gurultu-nəriltiynən bir imarət hazır oldu ki, keçəlin dediyinnən də qəşəng. Keçəlin nənəsi bu işə lap məhəttəl qaldı. Keçəl dedi:
– Nənə, ev hazırdı, mən gedirəm indi də haman qızı gətirəm.
Keçəl xalçanın üstündə oturub dedi:
– Xalça, həzrət Süleyman eşqinə məni apar Hindistan padşahının torpağına.
O saat xalça göyə qalxıb keçəli apardı Hindistan torpağına, düz padşahın evinin qabağında qoydu yerə. Elə bu vaxtıydı ki, padşahın qızı aynadan küçəyə baxırdı. Keçəl, qızı görən kimi az qaldı ağlı başından çıxsın, o saat dedi:
– Elə əsil mən deyən gözəldi ki, var.
Tez üzüyü dilinin altına qoyub dedi:
– Üzük, sənnən istəyirəm ki, padşahın bu gözəl qızı bu saat mənim bu xalçamın üstündə olsun.
O dəyqə gördü ki, qız xalçanın üstədi. Dedi:
– Xalça, bizi həzrət Süleyman eşqinə, apar öz evimizə.
Xalça göyə qalxıb bunları düz gətirdi bir kərpici qızıl, bir kərpici gümüşdən olan imarətin içinə. Qız baxıb gördü ki, bura elə bir imarətdi ki, heç onun atası yuxusunda da görə bilməzdi. Qərəz, qıznan bir günbeş gün belə burda ömür sürsünlər, görək Hindistan padşahı neylədi...
Hindistan padşahı bir də xəbər tutdu ki, bəs qızı yoxa çəkilib. Hər yerə adam saldırdı, car çəkdirdi, qızdan bir sorax çıxmadı ki, çıxmadı. Axırda padşah baş vəzirin yanına çağırtdırıb dedi:
– Vəzir, gündə on dəfə qolumun qarısı sıxılır, ürəyim qısılır, qızımın getməyinə dözə bilmirəm, bir tədbir gör.
Vəzir dedi:
– Qibleyi-aləm, mən neçə gündü fikirləşirəm, çox götür-qoy eləmişəm, çoxlu rəmmallar çağırmışam; heç biri ağıllı bir söz deyə bilmir.
Bircə rəmmal dedi ki, qızı bir keçəl oğlan aparıb, özü də bir kərpici qızıl, bir kərpici gümüş bir imarətdə saxlayır. İndi bircə ümidim ona gəlir ki, bir küp qarısı tapax, göndərək hər yeri axtarsın, bəlkə bir xəbər gətirə bildi.
Padşah o saat əmr elədi bir küpə girən qarı tapıb gətirdilər. Padşah baxıb gördü bu elə bir qarıdı ki, üzünə baxan gərək kəffarə verə. Gözləri çaş, ağzı əyri, qılçası topal, beli donqar, qaş-qabağınnan da ki, lap zəhirmar tökülür. Padşah dedi:
– Vəzir, bu şil-kütün biridi, düz yerdə yeriyə bilmir ağlım kəsmir ki, bunun əlinnən iş gələ.
Qarı dedi:
– Ey padşah, sən mənim sür-süfətimə baxma, gördüyüm işə bax. De görüm məni neyləyirsən çağırıb?
Padşah dedi:
– Qarı, mənim qızım birdən-birə yoxa çəkilib. Hər yeri ələk-fələk eləmişəm, tapa bilmirəm. Əgər sən onu tapa bilsən, nə istəsən verərəm.
Qarı gülüb dedi:
– Elə bu?
Padşah dedi:
– Bu azdı?
Qarı dedi:
– Sağ olmuş, belə işlər mənim əlimdə su içimi kimi bir şeydi. Günü bu gün taparam, amma gərək mənə xələt verəsən. Padşah o saat əlin atıb qarının ovcuna bir xışma qızıl basdı. Qarı qızılı görən kimi gözləri siçan tutmuş pişik kimi dörd oldu. O saat dabanına tüpürüb evdən çıxdı. Vəzir, vəkil qarının dalınca baxıb gördülər ki, elə bil ki, hacıleyləkdi. Qarı evinə gəlib girdi küpün içinə, puçunu burdu, o saat küp gurultuynan-pırıltıynan qalxdı düz yeddinci göyə. Qarı küpün içində göydə hər yeri devran eləyirdi, bir də gördü ki, uzaxda bir imarət görünür, elə bil gün çıxıb hər yerə işıx salır. Küpü düz sürdü o tərəfə, gəlib şəhər qırağında bir xarabalıxda endi yerə, küpdən çıxıb özünə yetmiş yerdən sığal verdi, bir əlinə əsa, bir əlinə də təsbeh alıb gəldi həmən imarətin qabağına. O qədər güddü ki, gördü padşahın qızı küləfirəngiyə çıxıb baxır. Tez qarı gəlib küləfirənginin yanından keçəndə birdən ayağını boş qoyub yıxıldı yerə, başladı yalannan ax-uf eliyib zarımağa. Qızın qarıya yazığı gəldi, nökərlərə əmr elədi ki, gedin o qarını gətirin evə, bir az çörəkdənzaddan verək. Nökərlər gedib qarını yerdən qaldırıb gətirdilər qızın yanına. Yaxşı deyiblər kor nə istər iki göz, biri əyri, biri düz. Elə qarı da bunu istəyirdi ki, özünü bir təhər qızın yanına salsın.
Qız qarını görən kimi dedi:
– Qarı nənə, hara gedirdin, niyə yıxıldın?
Qarı təsbehini çevirə-çevirə dedi:
– Bıy, qarı nənə sənə qurban, nə gözəl-göyçək qızsan, lap padşah qızına oxşayırsan. Mən kasıb bir arvadam, heç kimim yoxdu, elə sənin kimi insaflı adamların süfrələrindən artıx qalan qır-qırıntıdan verirlər, bir təhər dolanıram. İndi durub məsçidə gedirdim namaz qılmağa, acınnan qılçalarımda taqət qalmamışdı deyin daşa ilişib yıxıldım. Qızın qarıya yazığı gəldi, gətirib ona yemək verdi. Qarı doyunca yeyib qurtarandan sonra yağlı dilini işə salıb qıza şirin-şirin elə söhbətlər elədi ki, qızın xoşuna gəldi. Qız da neçə vaxdıydı ki, ata-anasınnan ayrılmışdı, burda da bir keçəlin qoca nənəsinnən savayı söhbət eləməyə adam yoxuydu. Qarının söhbəti qızın ürəyini yumşaltdı. Qız da özünün bütün dərdini qarıya söylədi. Qarı gördü ki, qızın ürəyi tamam yumşalıb, nə soruşsa düzünü deyəcək, odu ki, dedi:
– Qızım, bu cahi-cəlal ki, görürsən, heç bir padşahda ola bilməz, bəs sənin ərin bu boyda dövləti hardan alıb?
Qız dedi:
– Qarı nənə, vallah bilmirəm.
Qarı gördü fürsətdi, tez dedi:
– Onda yəqin ərin səni istəmir.
Qız dedi:
– Yox qarı nənə, o mənnən ötəri ölür.
Qarı dedi:
– Qızım, onlar hamısı sözdü, əgər ərin səni istəsə, öz sirrini sənə deyər.
Qarı sözünü qurtarıb qalxdı ayağa getməyə. Qız yalvardı ki, qarı nənə, sən allah sabah da gəl bizə, bir az söhbət elə, təkəm, yaman darıxıram. Qarı, baş üstə, nənən sənə qurban, deyib getdi.
Axşam oldu, keçəl evə gələndə gördü arvadının qaşqabağı yernən gedir. Dedi:
– Sənə nə olub?
Qız dedi:
– Sən məni istəmirsən.
Keçəl dedi:
– Nəyə görə deyirsən ki, səni istəmirəm.
Qız dedi:
– Məni istəsən bu var-dövləti hardan almağının sirrini mənə deyərsən. Keçəl nə qədər istədi deməsin, gördü olmur, qız əl çəkmir. Axırda əlacı kəsildi, dedi ki, hal-qəziyə dilimin altında bir üzük var, onu əlimdə tutub desəm ki, həzrət Süleyman eşqinə filan şey filan olsun, o saat o dediyim şey olur. Bu yerə saldığımız yaşıl xalçanın da üstə çıxıb desəm ki, xalça, məni həzrət Süleyman eşqinə filan şəhərə apar, xalça o saat quş kimi uçub məni ora aparar. Bütün bu cah-cəlalı bu üzüynən xalçanın köməyiynən düzəltmişəm. Qız ərindən bu sözləri eşidəndən sonra rahat yatdı.
Səhər oldu, günorta üstü qarı əsasını yerə diriyə-diriyə yenə gəldi qızın yanına, o yandan, bu yandan söhbət eliyənnən sonra qız dedi:
– Qarı nənə, axşam ərimdən öyrəndim ki, bu dövləti hardan alıb. Qız keçəlin dediklərini tamam qarıya söylədi. Qarı istədiyinə çatmışdı deyin bu gün dünənkinnən də şirin söhbət elədi. Axşam oldu, keçəl gəldi, amma qarı getmək istəmədi. Yalannan özün yerə yıxıb dedi:
– Vay sancılandım.
Qarı yalannan bir hay-şüyən saldı ki, vay qarannıx düşdü, mən necə gedəcəm. Qız dedi:
– Qarı nənə, nə çoxdu yerimiz, bu gecə bizdə yatarsan, sabah yaxşı olub gedərsən.
Elə qarı da bunu istəyirdi. O saat qızı qucaqlayıb marçahamarç o üzünnən, bu üzünnən öpüb dedi:
– Qızım, səni görüm xoşbaxt olasan, qalmışdım fikirdə ki, bu sancıynan mən hara gedəcəm.
Gecə yatmax vaxtı gələndə qarının yerini qapının yanınnan saldılar. Qıznan oğlan da evin yuxarı başında hərəsi bir yer salıb yatdılar. Gecənin bir vaxtı imansız qarı durub bunların burnuna bihuşdarı iylətdi, barmağıynan oğlanın burnunu tutdu, oğlanın nəfəsi darıxdı, ağzını açdı, qarı əlini salıb dilinin altınnan üzüyü götürdü. Dəstəmaz alıb namaz qıldı, xalçanın üstündə oturub üzüyə dedi:
– Xalça, həzrət Süleyman eşqinə qıznan məni bu imarətlə bərabər apar Hindistan padşahının torpağına.
Qarı bu sözü deyən kimi bir də gördü qalxdı göyün üzünə, bir göz qırpımında çatdı Hindistana. Üzüynən xalçanı da aparıb getdi padşahın yanına, əhvalatı tamam-kamal söyləyib dedi:
– İndi gedib qızına baxa bilərsən.
Padşah vəziri də götürüb getdi qızının yanına, gördü doğrudan belə bir imarət heç bir padşahın torpağında yoxdu. Özü də qızı hələ yuxudan ayılmayıb. Padşah qızını ayıldıb başladı dərdləşməyə. Bunları burda qoyax, görək keçəlin başına nə gəldi. Keçəl bir də ayılıb gördü ki, nə qız, nə ev, lələ köçüb yurdu qalıb. Qoca nənəsiynən öz köhnə evlərində bir cırıx həsirin üstə qalıblar. O saat barmağını dişlədi ki, bizi didərgin salan yəqin o qarı olacaq. Arvadımın dili difdimiş
dursaydı, məndən sirri soruşmasaydı, belə də olmazdı.
Keçəl dedi:
– Nənə, yenə ipdən-zaddan əyir, aparım satım, bir az əppək alım. Arvadın əlacı kəsildi, cəhrəni, iyi götürüb bir az yun əyirib iplik elədi verdi keçələ ki, aparıb satsın. Keçəl dedi:
– Eh, ay nənə, bunnan nə çıxacax, bir-iki qəpik-quruş verələr, ya verməyələr.
Nənəsi dedi:
– Ay oğul, neyliyim əlimnən ayrı iş gəlmir.
Keçəl dedi:
– Ay nənə, kasıbın baxdı olmaz, cibimdə bir sağ yer yoxdu ki, qəpik-quruşumu3 ora qoyam, qorxuram itə. Bəlkə köhnə-kürüş bir kisədənzaddan ola?
Nənəsi dedi:
– Bıy, ay oğul, yaxşı yadıma saldın, dədənnən üç şey qalıb, bir pul kisəsi, bir düdük, bir də papax. Dədən həmişə deyərdi ki, bunları divlərin zağasınnan tapıb. Mən elə o vaxtdan onları sandıxda saxlayırdım, gətirim torbanı verim.
Arvad gətirib boş kisəni nəvəsinə verdi. Keçəl ip yumağını da götürüb getdi bazara. Kələfi iki quruşa satdı, bir quruşuna əppək aldı, bir quruşunu da kisəyə saldı. Axşam oldu, keçəl gəldi evlərinə, çörəklərini yedilər, yatdılar. Səhər arvad yenə bir kələf verdi ki, keçəl aparıb satsın.
Keçəl dedi:
– Nənə, dünən bir quruşlux əppək almışdım, bir quruş da artırıb kisəmə salmışdım. İndi bu bir quruşu verim sən saxla, elə gündə bir quruş artırsam yaxşı olar.
Keçəl kisəni açıb quruşu çıxardanda gördü ki, pul dönüb qızıl olub. Nənə-bala bu işə məəttəl qaldılar. Keçəl sevinə-sevinə getdi bazara, ipi satıb iki quruş qazandı bir quruşlux çörək aldı, bir quruşu da kisəyə saldı. Evə gəlib kisəni açanda gördü ki, bu pul da qızıl olub. O saat bildilər ki, nə sirr varsa, bu kisədədi. Odu ki, nənə-bala əllərinə keçən daşı-dəmiri kisəyə doldurub boşaldan kimi hamısı qızıl olurdu. Bir gün, beş gün keçəl bu kiseynən o qədər varlandı ki, var-dövlət başınnan aşdı. Bir qəşəng imarət tikdirdi ki, əvvəlkinnən də yaxşı. İmarətə qızıl-gümüşdən, ləl-cavahiratdan bir bəzək vurdurmuşdu ki, yeddi ağaclıxdan gün kimi işıx salırdı. Keçəlin keyfi lap kökəlmişdi, odu ki, dedi:
– Nənə, bu kişilikdən deyil ki, mən burda duram, arvadım Hindistanda, Allaha şükür, var-dövlət desən bizdə, ev-eşik desən bizdə, gəl sən burda ye-iç, dolan, mən gedim bəlkə qızı tapa bildim.
Nənəsi istədi razı olmasın, gördü yox, nəvəsi deyəsən əl çəkməyəcək.
Əlacı kəsildi, razılıq verdi ki, oğul, yaxşı, bu gecə qal, sabah yola düşərsən.
Nənə-bala oturub dərdləşirdilər, birdən keçəl dedi:
– Nənə, əgər bu pul kisəsi olmasaydı, biz acından nə günə qalardıx, qapı-qapı düşüb dilənərdik.
Nənəsi dedi:
– Hə, ay oğul, neçə il idi ki, o kisə sandıxda dururdu, mən nə biləydim ki, bu kisə beləymiş.
Keçəl dedi:
– Nənə, sən deyirdin ki, dədəmnən bir papaxnan düdük də qalıb, birdən onlarda da bir sirr olar. Gətir bir baxaq, görək onlar necə şeydi.
Arvad durub sandıxdan papaxla düdüyü də gətirib oğluna verdi.
Keçəl papağı qoydu başına ki, görsün necə olur. Elə papağı başına qoyan kimi nənəsi dedi:
– Bıy, başıma daşlar, nəvəm qeyb oldu ki.
Arvad başladı hay-şivənə ki, bala son necə oldun?
Keçəl elə bildi ki, nənəsi dəli oldu. Dedi:
– Ay nənə, sənə nə olub, görmürsənmi burda, yanında oturmuşam.
Arvad dad-fəryad elədi ki, ay oğul, vallah səni görmürəm. Birdən keçəlin ürəyinə gəldi ki, demək olmaz, şətəl bu papaxdan keçmiş olar, tez papağı başınnan götürdü. O saat nənəsi keçəli qucaxlayıb dedi:
– Ay bala, bu nə iş idi?
Keçəl dedi:
– Nənə darıxma, bu saat bu sirri tapacam.
Papağı qoydu nənəsinin başına, baxdı ki, indi də arvad yoxa çəkildi. Keçəl sevinə-sevinə dedi:
– Nənə tapdım, bu papağı kim başına qoyursa, gözə görükmür, indi
də mən səni görmürdüm.
Keçəl şükür elədi ki, bu lap yaxşı oldu. Papağı qoyaram başıma, heç kim məni görməz, nə keyfim istəyər eləyərəm.
Keçəl dedi:
– Nənə, mənim gözüm bu düdükdən də su içmir. Görəsən bunda nə sirr var?
Düdüyü əlinə alıb o üzünə, bu üzünə çevirdi, heç bir şey olmadı. Birdən ağzına apardı ki, görsün çalınırmı, elə bircə dəfə üfürmüşdü ki, bir də gördü ki, eşikdən bir səs-küy gəlir, bir hay-həşir var ki, az qalır yer-göy lərzəyə gəlsin. Qapını açdı ki, eşiyə baxsın, gördü burda o qədər qoşun var, o qədər qoşun var ki, iynə atsan yerə düşməz. Keçəli görən kimi qoşun başçısı gəlib ona yalvardı ki, dünyada nə istəyirsən verək, hara getmək istəyirsən aparax, sən o düdüyü çalma, bizim hamımızın qulağı onun səsindən kar olub. Keçəl o saat başa düşdü ki, düdükdə də bu əlamət varıymış. Keçəl fürsəti fövtə vermədi, dedi:
– Məni aparın Hindistan torpağına, mən də düdüyü çalmayım. Qoşun böyüyü o saat razı oldu.
Keçəl nənəsiynən halallaşıb düşdü qoşun böyüyünün yanına, başladılar getməyə. Elə bir az getmişdilər qoşun böyüyü nə elədi, nə eləmədi, keçəl bir də baxıb gördü ki, budu Hindistan torpağında, qızın imarətinin qabağındadı. Keçəl qoşun böyüyünü buraxıb özü başladı qızın yanına getməyə. Gördü ki, qızın imarəti hər tərəfdən elə hündür hasarla dövrələnib ki, ordan heç quş da səkə bilməz. İstədi qapıdan xəlvət getsin, gördü yox, bu da mümkün deyil. Qapıda iki elə bığıburma pəhlivan durub ki, adamı az qalır gözüynən yesin. Keçəl o qədər gözlədi ki, qapı açılanda papağı başına qoyub bir böyürdən girdi içəri. Axtara-axtara düz gedib çıxdı qızın otağına. Qapının arasınnan baxıb gördü ki, arvadı evdə təkcə oturub, qabağında da bir yekə qızıl nimçədə aş. Keçəl papağı başına qoyub qapını açdı, girdi içəri, sonra da qapını örtüb cəftəsini də vurdu. Qız gördü qapı açıldı, sonra da öz-özünə bağlandı, amma içəri heç kim girmədi. Qızı vəhmə basdı ki, görəsən bu nə olan işdi. Keçəl yol gəlib bərk acımışdı, aşı görən kimi ədəb-ərkannan yerdə bardaş qurub başladı aşı yeməyə. Qız gördü aşı yeyirlər, amma gözə adam-zad görükmür. Qorxudan qız qışqırıb qaçmaq istəyəndə keçəl səsləndi ki, hara qaçırsan, mən sənin ərinəm, gəlmişəm səni aparmağa. Keçəl papağı başından götürüb yerə
qoydu, qız baxıb gördü ki, öz əridi. Dili tutula-tutula dedi:
– A kişi, bu nə işdi, sən cinsən4, şəyatinsən, nəsən, məni agah elə.
Keçəl dedi:
– Gəl otur bir az dərdləşək, sonra bilərsən.
Bunlar oturub başlarına gələn qəzavü-qədərdən danışdılar. Axırda keçəl dedi:
– İndi dur hazırlaş, səni aparmağa gəlmişəm.
Qız dedi:
– A kişi, sənin evin yox, yeməyə çörəyin yox, bu cür alaxana-balaxananı qoyub hara gedirsən, elə qal burda olax.
Keçəl dedi:
– Əşi sən nə danışırsan, indi elə bir cahi-cəlal düzəltmişəm ki, bu gördüyün mülk onun yanında tövləyə oxşayır.
Qız inanmadı ki, inanmadı. Dedi:
– Axı niyə məni aldadırsan, sən o qədər pulu hardan aldın?
Keçəl gördü olmur, axırı açıb dedi:
– Ay natərəs qızı natərəs, bax bu kisəni görürsənmi, bunun içinə hər nə qoysan dönüb olur qızıl. Bütün var-dövləti bu kisəynən düzəltmişəm.
Qız dedi:
– Bəs yaxşı, indi sənin xalçan yox, üzüyün yox, bu uzax yolu nə cür gəlib çıxdın?
Keçəl düdüyü çıxardıb dedi:
– Bax bunu bircə dəfə çalsam, hara istəsəm məni aparıb qoyarlar.
Bunları burda qoyax, sizə xəbər verək padşahdan.
Padşah qorxurdu ki, qızını gəlib apararlar. Odu ki, qızın otağının üstündən xəlvətcə bir baca açdırıb ora bir adam qoymuşdu ki, gecəgündüz qızı pusub gözləsin. Bu işdən qızın xəbəri yox idi. Qızınan keçəlin bu danışıxlarını bacadan pusan adam eşidib, düz qaça-qaça daban aldı padşahın yanına, bütün gördüklərini danışdı.
Padşah o qədər gözlədi ki, qıznan keçəl soyunub yatdılar. Bunlar şirin yuxuda yata-yata aynadan, bacadan düşüb keçəlin əl-ayağını sarıdılar, kisəni, papağı, düdüyü də aparıb padşaha verdilər. Keçəli möhkəm döyüb saldılar zindana.
Qızın da keçələ o qədər meyli yoxuydu deyə atasına heç bir söz demədi.
Keçəl zindanda qalmaxda olsun, sizə kimnən deyim, keçəlin nənəsindən, itnən pişikdən. Yazıx arvad hər gün keçəlin cahi-cəlalına baxıb ah çəkirdi. İtnən pişik də heç yerə getmirdilər, keçəlin nənəsinə hayanlıq eləyirdilər. Arvad da elə hörünü salmışdı itnən pişiyə. Bir gün keçəlin nənəsinin yenə nəvəsi yadına düşmüşdü deyin bikeyf idi. İtnən pişik sözü bir yerə qoydular ki, bu heç kişilikdən deyil ki, keçəl bizi ölümnən qurtardı, gərək biz də ona yaxşılıq eləyək, gedək onu tapax, üzüyü padşahdan alax. İtnən pişik yol başlayıb düz getdilər Hindistan torpağına. Pişik qabaxda qaçırdı, it də onu qovurdu, elə gedirdilər ki, heç quş da onlara çata bilməzdi. Bunlar bu getməynən düz qırx gün, qırx gecə yol getdilər, çaylar keçdilər, dağlar aşdılar, axırı Hindistana çatdılar. Gedib qızın imarətini tapdılar. Pişik qapını açıb miyoldaya-miyoldaya girdi qızın yanına. Keçəlin arvadı o saat pişiyi tanıdı. Qız nə qədər pişiyi sığalladı, çörək verdisə, elə miyoltusu kəsmədi, gözü o üzə, bu üzə baxırdı.
Qız başa düşdü ki, pişik keçəli axtarır. Odu ki, dedi:
– Ay Allahın heyvanı, bilirəm keçəli axtarırsan, o zindandadı. Qızın söz ağzınnan qurtarmamış pişiklə it qapıdan çıxdı, zindana üz qoydular. Pişik bacadan özünü içəri saldı, başladı miyoldamağa. Keçəl o saat pişiyini tanıdı. Pişik dil açıb insan kimi dedi:
– İtnən mən gəlmişik üzüynən, xalçanı oğurluyub səni burdan aparax.
Keçəl dedi:
– Üzük padşahın dilinin altındadı, xalça da taxtın qabağında yerə salınıb.
İtnən pişik düz getdilər padşahın evinin qabağına. Aynadan-qapıdan nə qədər boylandılarsa, girməyə bir yer tapmadılar. Pişik o tərəf, bu tərəfə boylanırdı, bir də gördü kü, bir siçan qapının altınnan çıxıb qaçır. Tez xirtdəkləyib siçanı tutdu. Siçan gözünün yaşını sel kimi axıdıb başladı yalvarmağa, dedi:
– Səni and verirəm ananın südünə, məni yemə, balalarım var, açdılar. onlara yemək aparıram.
Pişik dedi:
– Sənnən bir şərtim var, onu eləsən yemərəm.
Siçan dedi:
– Şərtin nədi?
Pişik dedi:
– Gərək sən qapının küncünnən bir deşik açasan, mən də sənnən ordan girək içəri. Padşahın dilinin altında bir üzük var, onu çıxardıb verərsən mənə, onnan sonra sənnən işim yoxdu. Siçan əlini gözünün üstə qoyub dedi:
– Baş üstə, o mənim əlimdə.
Siçan o saat dişiynən qapının taxtasını xırha xırnan kəsib bir deşik açdı. Pişiynən girdilər içəri. Pişik tez dırmaşıb cəftəni içəridən açdı, qapının arasını açıx qoydu. Gördülər padşah taxtın üstə fısha-fısnan yatır. Pişik tez yerdən xalçanı qatlayıb verdi itə. Siçan taxtın üstə o üzə, bu üzə hoppanıb çıxdı padşahın sinəsinin üstünə, yavaşca quyruğunun ucunu padşahın burnunun deşiyinə saldı, o saat padşah asqırdı, üzük ağzından sıçrayıb yerə düşdü. Pişik üzüyü götürüb siçana razılıx eləyib çıxdı eşiyə. İt xalçanı, pişik də üzüyü götürüb getdilər keçəlin yanına, üzüyü verdilər keçələ. Keçəl dedi:
– Üzük, həzrət Süleyman eşqinə məni bu zindannan qurtar.
Söz ağzınnan qurtaran kimi bir də gördü ki, zindanın qapısı açıldı.
Keçəl çıxıb itnən də görüşdü. Üçü də oturdular xalçanın üstündə, keçəl yenə dedi:
– Xalça, həzrət Süleyman eşqinə arvadımı da burda səndən istəyirəm.
Bizi apar öz evimizə.
Bir də gördülər arvadı da xalçanın üstündədi. Xalça qalxıb göyə, uça-uça bunları düz gətirdi öz evlərinə. Keçəlin nənəsi sevindiyindən bilmədi neyləsin.
Bunları burda qoyax, görək padşah neçə oldu.
Padşah yuxudan ayılıb gördü xalça yerdə yoxdu, dilini tərpədib gördü ki, üzük də qeybə çəkilib. Padşah dizinə döyə-döyə qaldı, ərəsətşivən saldı, vəzir-vəkili başına yığdı, bir çarə istədi. Axırda vəzir dedi:
– Qibleyi-aləm sağ olsun, bu işə bircə küp qarısınnan savayı heç kim əncam çəkməyəcək, sən onu çağırtdır.
Padşah o saat haman küpəgirən qarını gətirtdi hüzuruna. Əhvalatı ona söyləyib kömək istədi. Qarı əvvəlcə çox nəm-nüm elədi ki, axı onlar məni tanıyırlar, bu dəfə harda görsələr tutub öldürərlər. Padşah qarının ovcuna iki xışma qızıl qoyub dedi:
– Mən bilmirəm neyliyirsən elə, qızımı tap gətir. Qarı qızılı görən kimi baş əyib getdi. Qarı küpün içinə girib düz
qalxdı göyün bir qatına, gedib keçəlin olduğu şəhərə çatdı. Bir xarabalıxda küpünü gizlədib, bir sehir oxudu, özünü elədi on beş yaşında bakirə bir qız. Düz gəlib keçəlin aynasının qabağında oturdu. Elə bu hində keçəlin arvadı aynadan qızı gördü, adam göndərdi ki, gedin o qızı çağırın görüm buralarda nə axtarır. Gedib qız sifətinə düşmüş küp qarısını gətirdilər. Keçəlin arvadı dedi:
– Ay qəşəng qız, buralarda nə axtarırsan?
Qız dedi:
– Ay xanım, vallah mən köçdən azıb qalmışam, ata-anamı axtardım tapa bilmədim, indi gecələməyə bir yer axtarıram, gəlib çıxmışam bura.
Padşah qızının buna yazığı gəldi, ərini himnən başa saldı ki, nə deyirsən, bunu yanımızda saxlayaxmı?
Keçəl fikirləşdi ki, arvadım atası evində hüröyün böyümüş adamdı, indi burda təkcə qulağı batmış adam kimi qalıb, elə bu qıznan gününü keçirər, darıxmaz, odu ki, başıynan razılıx verdi. Padşah qızı dedi:
– Ay qəşəng qız, mən də gündüzlər evdə tək qalıb darıxıram, gəl sən qal mənim yanımda, nə vaxt ata-anan gələr, onda gedərsən. Yaxşı deyiblər kor nə istər iki göz, biri əyri biri düz. Qız elə belə bir işi Allahdan istəyirdi. Odu ki, özünü tülkülüyə qoyub dedi:
– Xanım, sən ki, deyirsən qal, qalıram yanında.
Bəli, gecə oldu, yatmax vaxtı gəldi, yer salıb hərəsi bir tərəfdə yatdılar. Gecədən bir az keçmiş keçəl yenicə hənirə getməmiş qız durub ər-arvadın burnuna behişdarı iylətdi, sonra üzüyü keçəlin dilinin altınnan çıxardıb dedi:
– Üzük, bir göz qırpımında qıznan məni bu imarətnən bir yerdə, həzrət Süleyman eşqinə apar Hindistana.
Söz tamam olan kimi qarının mətləbi hazır oldu, qız gözün açanda gördü kü, Hindistanda atasının yanındadı. Bu tərəfdən keçəl də ayılıb gördü ki, nənəsiynən yenə qalıb öz köhnə daxmalarında5 bir cırıx təlisin üstündə. Keçəl boynunun süysününə bir yumrux vurdu ki, kül mənim başıma, bu şətəl yəqin o qızdan keçdi, mən niyə onu evə qoyurdum ki, belə də olurdu. Keçəl and içdi ki, vallah əgər mənim bir də yönüm düşsə Hindistana getsəm, gərək padşahnan qarıya bir turp əkdirəm, bir turp əkdirəm ki, qiyamatacan yadlarınnan çıxmasın.
Bu işlər keçələ yaman əsər eləmişdi. Nə yeyirdi, nə içirdi, acınnan quruyub laf ələngəyə dönmüşdü. Bir gün axşam vaxtı keçəl nənəsinə dedi:
– Nənə, məni rizə-rizə doğrasalar da, burda duran deyiləm, gedirəm, ya mənə verən Allah, ya padşaha.
Nənəsi nə qədər yalvar-yapış elədi ki, oğul, bu vaxt hara gedirsən, qal sabah get. Keçəl dedi:
– Nənə, həmzatım tutub, daha dura bilmirəm, mən getdim.
Nənəsi gördü ki, keçəl dediyinnən dönməyəcək. Odu ki, dedi:
– Oğul, get, yolun uğur olsun.
Keçəl evdən çıxdı, az getdi, çox dayandı, çox getdi, az dayandı, dağlar aşdı, çaylar keçdi, gəlib bir meşəyə çıxdı. Keçəl acmışdı, yeməyəbir şey axtarırdı. Gördü ki, meşə doludu cır meyvəynən. Bir az almadan-armuddan, gavalıdan dərib. doldurdu xurcununa. Ürəyi əzilirdi, iki dənə gavalı götürüb ağzına atdı, elə gavalını yeyib qurtaran kimi bir də gördü ki, təpəsinin ortasınnan iki buynuz çıxdı. Nə qədər çalışdı ki, buynuzları qoparsın, gördü mümkün olmur. Qaldı məəttəl ki, görəsən bu niyə belə oldu, ağlına da gəlmədi ki, bunu eliyən gavalıdı. Bir azdan sonra xurcunnan bir armud çıxarıb yedi. Bu dəfə gördü ki, elə bil düz-dünya hərləndi bunun başına, kəlləmayallax dəydi yerə. O saat başı qaldı yerdə, ayaxları göydə. Keçəl tamam çaşbaş qaldı. Nə qədər elədi ayağa qalxa bilmədi. Başa düşdü ki, bunu bu günə salan yediyi meyvələrdi. Yazıx keçəl başı yerdə, ayaxları göydə əlləriynən ölüm-zülüm bir xeyli gedib meşədən çıxdı, gördü aşağıda bir qəşəng örüş var. Yendi örüşə, istədi bir az uzanıb dincini alsın, gördü yox, nə uzanmax, nə dincəlmək heç biri mümkün deyil. Keçəl lap təngə gəldi. Öz-özünə fikirləşdi ki, məni bu günə salan gavalıynan armud oldu. Allaha təvəkkül, qoy almadan da birini yeyim, ya məni bir az da pis günə salsın, ya da öldürsün, canım qurtarsın. Bu fikirnən almadan birini yedi. Almanı yeyənnən sonra nə görsə yaxşıdı, bir də gördü ki, təzədən dönüb olub anadangəlmə sappasağ. Nə buynuz var, nə bir şey.
Başladı yenə həmişəki kimi yeriməyə. Keçəl istədi ki, xurcundakı meyvələri boşaltsın yerə, birdən ağlına gəldi ki, ay gidi elə yaxşı oldu. Gedərəm Hindistana, bunları bir təhər fırıldağnan-zadnan verərəm padşaha yeyər, buynuz çıxardıb təpəsi üstə qalar. Keçəl xurcunu çiyninə alıb soraxlaşa-soraxlaşa yol başladı Hindistana getməyə. Elə bir az getmişdi ki, gördü bir kahanın qabağında bir bədheybət div, ayaxları qalxıb göyə, başı qalıb yerdə. Div elə qəzəblənib, elə qəzəblənib, dırnaxlarıynan yeri kotan kimi eşir, nərəsinnən dağ-daş lərzəyə gəlib əsir. Keçəl divi görəndə istədi qaçsın, div onu gördü çığırdı, dedi:
– Ey bəni-insan, mənim əlimnən heç yana qaça bilməyəcəksən, nahax əziyyət çəkmə, gəl yanıma, mən neçə illərdi ki, belə təpəsi üstə qalmışam, əgər dərdimə əlac eliyə bilsən, nə istəsən onu verəcəm, yox, əlac eliyə bilməsən, səni bircə tikiyə dürmək eləyib yeyəcəm.
Keçəl başa düşdü ki, div də onun kimi armud yeyib bu günə düşüb. Odu ki, xurcununnan bir alma çıxardıb verdi divə, dedi:
– Bu almanı ye, yaxşı olacaqsan.
Div almanı yeyən kimi, qalxıb durdu ayaq üstə, sevindiyinnən keçəli başladı duz kimi yalamağa. Div dedi:
– Qardaş, indi de görüm mənnən nə istəyirsən?
Keçəl dedi:
– Sənnən heç nə istəmirəm, bircə məni aparıb qoyasan Hindistana.
Div o saat əlini gözünün üstə qoyub dedi:
– Mənim gözüm üstə, min dalıma, özü də gözünü yum. Bəli, keçəl xurcununu çiyninə salıb mindi divin dalına. Div bir lövh6 oxuyub tənur elədi göyə, uça-uça keçəli aparıb qoydu Hindistana, sonra özü qayıdıb gəldi. Keçəl Hindistana çatmaxda olsun, sizə kimnən xəbər verim, padşahdan. Demə padşaha soyux dəyib bir az keyfsizmiş. Keçəl gördü ki, car çəkirlər ki, bəs padşah azarlayıb, kimdi yaxşı həkim gəlsin onu yaxşı eləsin, çoxlu xələt alsın. Keçəl fürsəti fövtə verməyib tez bir həkim paltarı tapıb geydi, xurcundakı meyvələrdən də bir az cibinə doldurub getdi padşahın yanına, əhvalatı söylədi ki, bəs mən səni yaxşı eləyə bilərəm. Padşah dedi:
– Həkim, mənim başımda bu saat bir ağrı var ki, bütün dünya gözümə qarannıx görünür. Məni yaxşı eləsən, nə istəsən verəcəm. Keçəl cibinnən bir armudnan bir gavalı çıxarıb verdi padşaha, dedi:
– Al, bunların ikisini də birdən ye, sağalacaqsan. Padşah armudnan gavalını yeyən kimi təpəsinnən bir buynuz çıxartdı, özü də ayaxları qalxdı göyə, başı endi yerə, qaldı təpəsi üstə. O saat hay-küy düşdü, keçəli tutdular. Keçəl dedi:
– Heç zəhmət çəkməyin, mən qaçıb eliyəsi deyiləm.
Vəzir arif adamdı, gördü ki, padşah kəlləmayallax olannan sonra həkim əlini belinə qoyub kələ kimi baxır, özü də suşdu adama oxşayır.
Odu ki, dedi:
– Ay həkim, bu nə işdi, niyə belə oldu?
Keçəl dedi:
– Haqqı odur, belə padşaha bu da azdı.
Padşah həkimi belə görəndə cin vurdu beyninə ki, bu saat vurun bu məlunun boynunu. Keçəl şaqqıltıynan gülüb dedi:
– Ay padşah, sən ağıllı adam olsan, mənim ölümümə fərman verməzdin. Sənin dərmanını məndən savayı heç kim bilmir. Mən olmayannan sonra heç kim səni yaxşı eliyə bilməyəcək, təpəsi üstə qalıb sən də öləcəksən.
Padşah gördü həkim düz deyir. Odur ki, onu dilə tutub dedi:
– Həkim, nə istəyirsən verim, məni yaxşı elə.
Keçəl dedi:
– Üzüyü, xalçanı, papağı, kisəni, düdüyü.
Padşah o saat bildi ki, bu qızını aparan keçəldi. Padşah keçələ nə qədər hədə-qorxu gəldisə, bir şey çıxmadı. Axırda əmr elədi gətirib keçəlin istədiyi şeylərin hamısını verdilər. Keçəl şeyləri alannan sonra dedi:
– Padşah, mən səni bu dəfə yaxşı eləyəcəm, amma sonra mənə xəyanət eləsən, and olsun atamın ərvahına sənə bir doan tutacam əlləzinəni əzbərdən oxuyacaxsan.
Padşah and-aman eləyənnən sonra keçəl çıxardıb ona bir alma verdi. Padşahın gözü qorxmuşdu deyin yemək istəmədi. Keçəl dedi:
– Ye, qorxma, sənin dərmanın bu almadadı.
Padşah almanı yeyən kimi durub oturdu yerində, buynuzu da düşdü yerə. Hamı bu işə məəttəl qaldı. Keçəl xalçaynan üzüyü alandan sonra gəldi arvadının yanına, onu da xalçanın üstündə oturdub dedi:
– Xalça, həzrət Süleyman eşqinə bizi apar öz qızıl kərpicli evimizə.
Xalça göyə qalxıb bunları gətirdi öz imarətlərinə.
Keçəl nənəsiynən görüşüb öpüşdü. İtnən pişiyi də doyuzdurub öz yanında saxladı. O günnən itnən pişik imarətin dörd tərəfini gözləyib həndəvərə bir adam da buraxmırdılar.
Günnərin birində keçəl arvadına dedi:
– Yaxşı, sən mənnən hər nə xəbər alırdınsa, mən sənə deyirdim, indi sən də mənə de görüm sən ki üzüyün sirrini bilirdin, qarı səni oğurlayıb aparannan sonra niyə məni axtarmırdın?
Qız dedi:
– Vallah, Allahdan gizlin deyil, sənnən nə gizlin. Mən baxıb görürdüm ki, sən qoçaq, mərd oğlansan, amma başına baxanda adamın qol-qanadı sınıb yanına düşürdü. Sənin keçəl olmağın məni yaman məyus eləyirdi. Odu ki, qalmışdım iki dağın arasında.
Bu söz keçəli yaman bərk tutdu, bir xeyli fikrə getdi, birdən yadına düşdü ki, ay gidi, mənim barmağımdakı üzük dünyada nə istəsən onu verir, mən niyə dərdimə onnan əlac istəmirəm?
Keçəl tez üzüyü barmağınnan çıxardıb oturdu xalçanın üstündə, dedi:
– Üzük, həzrət Süleyman eşqinə məni elə yerə apar ki, orda başımın dərmanı olsun.
Söz tamam olan kimi xalça qalxdı ərşə, o qədər yol getdi, o qədər yol getdi ki, gedib dünyanın axırına çıxdı, orda bir meşənin içinə endi. Keçəl gördü yanında bir qəşəng bulax var ki, suyu dumduru göz yaşı kimi. Suyun içindəki daşlar elə gözəl, elə qəşəngdi ki, elə bil ləl-cavahiratdı. Hava çox istiydi, keçəl də neçə gün idi yol gəlirdi deyin toztorpağın içindəydi. Odu ki, paltarını soyunub özünü verdi bulağın suyuna, bir çala düzəldib doyunca çimdi. Sonra çıxıb qıraxda başladı suyunu dərməyə, əlini atdı ki, başını qurulasın, gördü əyə, başı teyzən tükdü. Özünə inanmadı, bir də əlini apardı saçına, gördü doğrudan da başına tük gəlib. Əyilib suda öz şəklinə baxdı, gördü nişanadan ötəri başında bir tük tapılmayan keçəlin başı tüknən doludu. Keçəl sevindiyindən bilmədi neyləsin. Oturdu xalçanın üstündə düz gəldi evlərinə.
Arvadı keçəli görəndə az qaldı tanımasın. Keçəl elə qəşəng oğlan olmuşdu ki, üzünə baxan deyirdi bir də baxım. Bayax qızın məhəbbəti bir idisə, indi artıb oldu min. Ər-arvad yeyib-içib keyf çəkdilər, siz də yeyin, için, muradınıza çatın. Göydən üç alma düşdü, biri mənim, biri itnən pişiyin, biri də qulaq asanların.

Top